Bir müddət Apple-ın uzun zamandır gözlənilən qatlanan iPhone modelinin gecikəcəyi ilə bağlı xəbərlər yayılmışdı. İstehsal çətinlikləri və test problemləri səbəbilə bəziləri təqdimatın 2027-ci ilə qədər uzana biləcəyini düşünürdü. Lakin son məlumatlara görə vəziyyət əvvəl düşünüldüyü qədər ciddi deyil.
Məlumata əsasən, cihazın hazırlanması plan üzrə davam edir və ciddi texniki problem yoxdur. Mark Gurman-ın da təsdiqlədiyi kimi, Apple hələ də ənənəvi sentyabr təqdimatını hədəfləyir. Bu isə layihənin sabit və planlı şəkildə irəlilədiyini göstərir.
Qatlanan iPhone adi modeldən fərqli olaraq Apple üçün böyük dizayn yeniliyi hesab olunur. Bu cihazın “ultra-premium” seqmentə aid olacağı və qiymətinin 2000 dollardan yüksək olacağı gözlənilir. Bu səbəbdən o, kütləvi istifadə üçün deyil, daha çox xüsusi və bahalı texnologiya məhsulu kimi təqdim olunacaq.
Bununla belə, əsas məsələ satışın başlanğıc mərhələsində cihazın məhdud sayda istehsal olunmasıdır. Qatlanan telefonların istehsalı mürəkkəb olduğuna görə, ilk dövrdə hər kəsin bu modeli əldə etməsi asan olmayacaq.
Nəticə olaraq, qatlanan iPhone-un təqdimatında ciddi gecikmə gözlənilmir. Apple bu yeni və bahalı modeli vaxtında təqdim etməyə hazır görünür, lakin onu əldə etmək həm çətin, həm də baha başa gələcək.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

