Psixiatr Yunus Akkeçili antidepresantlarla bağlı cəmiyyətdə ən çox yayılan yanlış fikirlərdən birinin “dərmana öyrəşərəm, sonra dayandıra bilmərəm” qorxusu olduğunu bildirib. Onun sözlərinə görə, həkim məsləhəti və düzgün istifadə zamanı antidepresantlar asılılıq yaratmır.
Mütəxəssis qeyd edib ki, depressiya, təşviş pozuntuları və obsessiv-kompulsiv pozuntu (OKP) kimi psixi xəstəliklər effektiv şəkildə müalicə olunur. Lakin sosial media və ətrafdan alınan yanlış məlumatlar insanların mütəxəssisə müraciətini gecikdirir və müalicəni vaxtından əvvəl dayandırmasına səbəb olur.
Hər kədər və narahatlıq antidepresant tələb etmir. Kədər, stress, yuxusuzluq və narahatlıq həyatın normal hissəsi də ola bilər. Buna görə dərman müalicəsinə yalnız psixiatr tərəfindən aparılan qiymətləndirmədən sonra qərar verilməlidir. Bəzi insanlarda psixoterapiya kifayət edir, bəzi hallarda isə dərman müalicəsi vacib olur.
Akkeçili vurğulayıb ki, depressiya və təşvişin yaranmasında yalnız genetika deyil, uzunmüddətli stress, travmatik təcrübələr, uşaqlıq yaşantıları, sosial dəstəyin olmaması və digər həyat hadisələri də rol oynayır.
Antidepresantlar özbaşına istifadə edilməməlidir
Həkim nəzarəti olmadan antidepresant qəbul etmək müəyyən risklər yaradır. Xüsusilə bipolyar pozuntu kimi bəzi xəstəliklərdə düzgün diaqnoz qoyulmadan antidepresant başlanması arzuolunmaz nəticələrə səbəb olur. Bundan əlavə, dərmanların yan təsirləri və digər preparatlarla qarşılıqlı təsiri mümkündür.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, özünü yaxşı hiss etmək müalicənin başa çatdığı anlamına gəlmir. Antidepresantların qəbulu yalnız həkimin qərarı ilə dayandırılmalı və lazım gəldikdə doza tədricən azaldılmalıdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

