Gundelik.az Müsahibə Bir sənət, min rəng, saysız təbəssüm…
Müsahibə

Bir sənət, min rəng, saysız təbəssüm…

Rənglərin sehrini sevgi ilə yaradan Aytən Məhərrəmova: “Sənətini sevməsən, heç vaxt uğur qazana bilməzsən”

Gözəllik sənəti daim yenilənən, yaradıcılıq, zövq və böyük peşəkarlıq tələb edən sahələrdən biridir. Xüsusilə koloristlik yalnız saçın rəngini dəyişmək deyil, insanın xarici görünüşünə yeni nəfəs vermək, onun özünü daha xoşbəxt və özgüvənli hiss etməsinə səbəb olmaqdır. Bu sənətdə uzun illər çalışmaqla yanaşı, daim öyrənmək, yenilikləri izləmək və öz üzərində işləmək böyük əhəmiyyət daşıyır.

Təxminən 15 ildir kolorist sahəsində fəaliyyət göstərən Aytən Məhərrəmova da peşəsinə sevgisi, yaradıcılıq axtarışları və davamlı inkişaf istəyi ilə seçilən mütəxəssislərdəndir. Onun peşəkar fəaliyyətində ilk müəllimi kimi xüsusi yeri olan By Saxara salonunun ona qazandırdığı təcrübə mühüm rol oynayıb. Aytən xanım illər ərzində Bakının tanınmış və prestijli salonlarında çalışıb, müxtəlif təlimlərdə iştirak edib, beynəlxalq təcrübələrdən yararlanıb.

2022-ci ildə Keune Akademiyasında təhsil alaraq diplom qazanan kolorist, 2024-cü ildə “Azərbaycan Top 100” jurnalında yer alıb və Azərbaycan milli sertifikatı ilə təltif olunub. Televiziya və radio proqramlarında çıxış edən Aytən Məhərrəmova AZTV-də qadınlara həsr olunan xüsusi layihədə də iştirak edib. Müxtəlif mükafat və təltiflərə layiq görülən sənətkar hazırda “Qara Salon”un İçərişəhər filialında fəaliyyət göstərir. Burada akademiyanın yaradılması ilə yanaşı, kurs rəhbəri və müəllim kimi gənc koloristlərə öz təcrübəsini öyrədir.

Bu yaxınlarda isə Qazaxıstanda keçirilən, dünya üzrə tanınmış kolorist Mounirin seminarında iştirak edərək müasir koloristika sahəsində yeni bilik və texnikalar əldə edib.

Aytən Məhərrəmova ilə sənətə gedən yolundan, ilk müəllimindən, peşə sevgisindən, uğurlarından və gənc koloristlərə verdiyi tövsiyələrdən danışdıq.

– Aytən xanım, koloristlik sahəsinə marağınız necə yarandı? Bu peşəyə sizi gətirən nə oldu?

– Artıq 15 ilə yaxındır ki, kolorist sahəsində fəaliyyət göstərirəm. Bu sənət mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Mənim üçün koloristlik sadəcə bir peşə deyil, həm də yaradıcılıq, zövq və insanlara gözəllik bəxş etməkdir.

Bu sənətdə ilk müəllimim By Saxara olub. Mən bu sənətin sirlərini, incəliklərini və ən əsası, ona olan sevgini məhz ondan öyrənmişəm. Həyatım boyu ona minnətdar olacağam. Onun mənim peşəkar formalaşmağımda böyük rolu olub.

Təxminən beş il onun salonunda çalışdım. Daha sonra müxtəlif salonlarda fəaliyyətimi davam etdirdim. Bakının ən tanınmış və prestijli salonlarında işləmək imkanım oldu. Mənə müxtəlif yerlərdən transfer təklifləri də gəlib. Amma mənim üçün çalışdığım məkanın xüsusi əhəmiyyəti var.

Mən hüzur tapmadığım, özümü xoşbəxt hiss etmədiyim yerdə işləyə bilmirəm. Çünki yaradıcılıq üçün insanın daxilən rahat olması çox vacibdir.

– Sizin üçün yaxşı kolorist olmağın əsas şərti nədir?

– Məncə, ilk növbədə insan öz sənətini sevməlidir. Sənətini sevməsən, heç vaxt uğur qazana bilməzsən.

Koloristika həm çox gözəl, həm də kifayət qədər çətin sənətdir. Burada daim axtarışda olmalısan. Yeni rənglər, yeni texnikalar, yeni yanaşmalar öyrənməlisən. Dünya dəyişir, gözəllik trendləri dəyişir, müştərilərin zövqləri dəyişir. Deməli, sən də daim inkişaf etməlisən.

Bu sahədə yerini qorumaq və daha da irəli getmək üçün axtarışlardan heç vaxt dayanmaq olmaz.

– Peşəkar inkişafınızda təhsilin və beynəlxalq təlimlərin hansı rolu var?

– Mənim üçün təhsil hər zaman vacib olub. 2022-ci ildə Keune Akademiyasında təhsil aldım və müvəffəqiyyətlə diplomumu əldə etdim. Bununla yanaşı, müxtəlif kiçik təlimlərdə də iştirak etmişəm.

Bu yaxınlarda isə Qazaxıstanda dünya üzrə tanınmış kolorist Mounirin seminarında iştirak etdim. Orada yeni texnikalar, müasir yanaşmalar və koloristika sahəsində yeniliklərlə tanış oldum.

Mən hesab edirəm ki, bu sənətdə “artıq hər şeyi bilirəm” demək olmaz. Öyrənməyin sonu yoxdur.

– 2024-cü ildə “Azərbaycan Top 100” jurnalında yer almağınız və milli sertifikatla təltif olunmağınız sizin üçün nə ifadə edir?

– Təbii ki, belə qiymətləndirmələr insanı sevindirir və daha böyük məsuliyyət qarşısında qoyur. 2024-cü ildə “Azərbaycan Top 100” jurnalında yer almağım mənim üçün xoş və yaddaqalan hadisələrdən biri oldu. Eyni zamanda Azərbaycan milli sertifikatı ilə təltif olundum.

Müxtəlif televiziya və radio proqramlarında iştirak etmişəm. AZTV-də qadınlara həsr olunan bir veriliş üçün mənimlə bağlı xüsusi layihənin hazırlanması da mənim üçün çox dəyərli təcrübə idi.

Bundan başqa, Hasanzadeh Events Group tərəfindən müxtəlif təltifnamələr almışam. “İlin mükafat gecəsi”ndə “İlin iş qadını” adına layiq görülməyim də peşə fəaliyyətimin qiymətləndirilməsi baxımından mənim üçün xüsusi əhəmiyyət daşıyır.

– Hazırda hansı layihələr üzərində çalışırsınız?

– Hazırda “Qara Salon”un İçərişəhər filialında fəaliyyət göstərirəm. Mənim üçün bu salonun özünəməxsus atmosferi və iş mühiti var.

Rəhbərimiz Qara bəyin təklifi ilə burada akademiya yaratmışıq. Mən akademiyanın kurs rəhbəri və müəllimiyəm. Artıq öz təcrübəmi gənc koloristlərə ötürmək, onlara bu sənətin incəliklərini öyrətmək imkanım var.

Müəllimlik tamam başqa məsuliyyətdir. Çünki qarşındakı insana yalnız texniki bilik vermirsən. Ona sənətə münasibəti, müştəri ilə ünsiyyəti, məsuliyyəti və daim inkişaf etməyin vacibliyini də öyrətməlisən.

– Sizcə, gənc koloristlər bu sənətə başlayarkən ən çox nəyə diqqət etməlidirlər?

– İlk növbədə səbirli olmalıdırlar. Bu sahədə uğur bir gündə gəlmir. Çox çalışmaq, müşahidə etmək, səhvlərdən nəticə çıxarmaq və daim öyrənmək lazımdır.

Həmçinin insan öz əl işinə hörmət etməlidir. Müştərinin saçına yanaşmağın arxasında böyük məsuliyyət dayanır. Çünki saç insanın görünüşünün mühüm hissəsidir.

Ən əsası isə öz sənətini sevməkdir. Əgər sən gördüyün işdən zövq almırsansa, bu, gec-tez işinə də təsir edəcək.

– Koloristlikdə yaradıcılığın rolu nə qədər böyükdür?

– Çox böyükdür. Mən koloristliyi bir növ rənglərlə işlənən sənət hesab edirəm. Hər insanın üz quruluşu, dəri tonu, xarakteri, həyat tərzi və zövqü fərqlidir. Ona görə də hər müştəriyə eyni yanaşmaq olmaz.

Kolorist müştərini dinləməli, onun istəyini anlamalı və eyni zamanda ona uyğun düzgün istiqamət verməlidir. Bəzən insan salona bir fikirlə gəlir, amma peşəkar məsləhətdən sonra tamam başqa nəticə əldə edir.

– Sizin üçün müştəri məmnuniyyəti nə deməkdir?

– Mənim üçün ən böyük mükafat qadının güzgüyə baxarkən üzündə yaranan təbəssümdür.

Mən işimi çox sevirəm. Ən böyük sevincim hər bir qadının üzünə gülüş, xoşbəxtlik və sevinc qata bilməkdir. Bəzən saç rəngində kiçik bir dəyişiklik belə insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur.

Müştərinin salona girdiyi andakı əhvalı ilə çıxdığı andakı əhvalı arasında müsbət fərq görmək mənim üçün çox dəyərlidir.

– Sizi bu sənətdə daha böyük uğurlara aparan əsas motivasiya nədir?

– Sevgim. Mən işimi həqiqətən sevirəm. Hər yeni rəng, hər yeni texnika, hər yeni nəticə mənim üçün yeni bir təcrübədir.

Mən düşünürəm ki, insan sevdiyi işi görəndə yorulsa belə, daxilən xoşbəxt olur. Mən də bu sənətdə özümü tapmışam.

Qarşıda da çoxlu planlarım var. Akademiyada daha çox tələbə yetişdirmək, öz təcrübəmi bölüşmək və dünya koloristika sahəsindəki yenilikləri Azərbaycana gətirmək istəyirəm.

– Sonda, kolorist olmaq istəyən gənclərə nə demək istərdiniz?

– Onlara deyərdim ki, bu sənətə yalnız pul qazanmaq üçün gəlməsinlər. Əvvəlcə sənəti sevsinlər. Öyrənsinlər, çalışsınlar, səbirli olsunlar və daim yenilik axtarsınlar.

Bu bazarda öz yerini tapmaq asan deyil. Amma sənətinə sevgi, zəhmət və davamlı inkişaf varsa, gec-tez öz yolunu tapırsan.

Mənim həyatımda da bu yol asan olmayıb. Amma hər mərhələdə öyrənmişəm, inkişaf etmişəm və bu gün geriyə baxanda gördüyüm ən böyük uğur odur ki, sevdiyim işi görürəm.

Mənim üçün koloristlik sadəcə saç rəngi yaratmaq deyil. Mən rənglərlə qadınların özlərini daha xoşbəxt hiss etməsinə çalışıram. Əgər bir qadın salonumdan üzündə təbəssümlə ayrılırsa, mən bilirəm ki, bu sənəti niyə sevirəm.

Gundelik.az

Exit mobile version