Beyin anevrizmi damar divarının zəifləyərək balonlaşması nəticəsində yaranır. Xalq arasında “baloncuq” kimi tanınan bu vəziyyət damar partladıqda beyin qanamasına, əlilliyə və hətta ölümə səbəb olur. Lakin anevrizm partlamadan aşkarlanarsa, müalicə olunması mümkündür.
Mütəxəssislərin sözlərinə görə, anevrizmin yaranmasında genetik meyillilik mühüm rol oynayır. Bununla yanaşı, yaşın artması, xüsusilə yüksək təzyiq və bəzi birləşdirici toxuma xəstəlikləri də riski artırır.
Anevrizm çox vaxt heç bir xüsusi əlamət vermir və başqa xəstəliklə bağlı aparılan müayinələr zamanı təsadüfən aşkarlanır. Kompüter tomoqrafiyası, MRT və angioqrafiya ilə müəyyən edilir. Aşkarlandıqdan sonra damar daxilindən kateterlə müdaxilə edilməli və ya zərurət olduqda açıq əməliyyat aparılmalıdır.
Anevrizm partladıqda isə əsas əlamət qəfil başlayan və son dərəcə şiddətli baş ağrısıdır. Bununla yanaşı, qusma, güc itkisi və şüur pozğunluğu da yaranır. Belə vəziyyət təcili tibbi müdaxilə tələb edir.
Ailəsində anevrizm olan insanların həkim nəzarətində olması xüsusilə vacibdir. Siqaretdən və alkoqoldan uzaq durmaq, qan təzyiqini nəzarətdə saxlamaq və sağlam həyat tərzi keçirmək riski azaltmağa kömək edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
