Şirkət fəaliyyətində avadanlıq, avtomobil, mebel, texnika və digər uzunmüddətli aktivlərdən istifadə etdikcə onların dəyəri zamanla azalır. Bu azalma yalnız aktivin fiziki köhnəlməsi ilə bağlı deyil. Avadanlığın texnoloji baxımdan köhnəlməsi və ya istifadə müddətinin başa çatması da onun dəyərinə təsir göstərə bilər. Mühasibat uçotunda isə bu proses amortizasiya vasitəsilə əks etdirilir.
Amortizasiya sadə şəkildə desək, uzunmüddətli aktivin dəyərinin onun faydalı istifadə müddəti ərzində mərhələli şəkildə xərc kimi tanınmasıdır. Məsələn, şirkət 50 min manata avadanlıq alıbsa, həmin məbləğ, bir qayda olaraq, alındığı gün tam şəkildə xərc kimi tanınmır. Avadanlığın gözlənilən istifadə müddətindən asılı olaraq onun dəyəri müəyyən illər ərzində hissə-hissə xərclərə silinir.
Bu məqam amortizasiyanın şirkətin mənfəətinə təsirini də izah edir. Amortizasiya xərc kimi tanındığı üçün şirkətin hesabat üzrə mənfəətini azaldır. Lakin burada vacib məqam ondan ibarətdir ki, amortizasiya qeyri-nağd xərcdir. Yəni amortizasiya hesablandığı zaman şirkətin kassasından və ya bank hesabından həmin məbləğdə pul çıxmır.
Mövzu ilə bağlı “MS Consalting 2026” MMC-nin rəhbəri Sevinc Eminova Gundelik.az-a açıqlama verib

Onun sözlərinə görə, amortizasiyanı şirkətin real pul çıxışı ilə qarışdırmaq olmaz.
Mütəxəssisin fikrincə, müəssisə aktivin alınması zamanı vəsaiti faktiki olaraq ödəyir, sonrakı dövrlərdə hesablanan amortizasiya isə həmin aktivin dəyərinin mühasibat uçotunda istifadə müddətinə bölüşdürülməsini göstərir.
“Amortizasiya mənfəətin hesablanmasına təsir edən xərcdir. Buna görə amortizasiya məbləği artdıqca, digər şərtlər dəyişmədiyi halda, şirkətin mühasibat mənfəəti azalır. Amma bu, həmin dövrdə şirkətin eyni məbləğdə pul itirməsi demək deyil”, – deyə Sevinc Eminova bildirib.
Həmsöhbətim bildirir ki, amortizasiyanın düzgün hesablanması şirkətin maliyyə nəticələrinin obyektiv göstərilməsi baxımından vacibdir. Aktivin faydalı istifadə müddəti, qalıq dəyəri və tətbiq olunan amortizasiya metodu nəzərə alınmalıdır. Eyni zamanda sahibkar mənfəəti qiymətləndirərkən yalnız amortizasiya xərcinə deyil, şirkətin real pul axınına da baxmalıdır. Çünki müəssisə amortizasiya səbəbindən daha aşağı mənfəət göstərə, lakin eyni zamanda kifayət qədər pul vəsaitinə sahib ola bilər. Bu səbəbdən mənfəət göstəricisi ilə pul axını arasında fərqin başa düşülməsi biznesin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsi üçün xüsusi əhəmiyyət daşıyır.
Nurəddin Abdullayev
Gundelik.az