Türkiyə Alzheimer Dərnəyinin (TAD) Bodrum şöbəsinin rəhbəri, nevroloq mütəxəssisi Melek Kandemir Yılmaz bildirib ki, yaşlı əhalinin sayının artması ilə Alzheimer xəstəliyi riski də yüksəlir. Lakin düzgün qoruyucu tədbirlər sayəsində bu riski təxminən 45 faiz azaltmaq mümkündür.
Yılmaz Bodrum Bələdiyyəsinin Qadın və Ailə Xidmətləri Müdirliyi və Bodrum Esnaf və Sənayeçi İş Adamları Dərnəyinin (BESİAD) birgə təşkil etdiyi tədbirdə çıxış edib və sonradan jurnalistlərə açıqlamalar verib.
“Xəstəliyin ən böyük risk faktoru yaşdır”
Onun sözlərinə görə, dünyada yaşlı əhalinin payı sürətlə artır və yaş artdıqca Alzheimer riski də qat-qat yüksəlir.
Türkiyədə 65 yaşdan yuxarı insanların nisbəti hazırda təxminən 12 faizdir, lakin 2080-ci ilə qədər bu göstəricinin 25 faizə çatacağı gözlənilir.
Yılmaz qeyd edib ki, Alzheimer hallarının yalnız 5-10 faizi genetik səbəblərlə bağlıdır və bu hallar adətən daha erkən yaşlarda ortaya çıxır.
Alzheimer riskini artıran amillər
İrəli yaşla yanaşı aşağıdakı faktorlar da xəstəliyin yaranma ehtimalını artırır:
Təhsil səviyyəsinin aşağı olması
Artıq çəki
Yüksək qan təzyiqi
Diabet
Xolesterinin yüksək olması
İnsult və digər ürək-damar xəstəlikləri
Yuxu pozuntuları və yuxu apnesi
Havanın çirklənməsi
Eşitmə və görmə zəifləməsi
Orta yaş dövründə ağır depressiya keçirmək
Siqaret çəkmək
Müalicə və nəzarət tələb edən xəstəlikdir
Mütəxəssis bildirib ki, əvvəllər Alzheimer çox vaxt “yaşa bağlı unutqanlıq” kimi qiymətləndirilsə də, müasir diaqnostik üsullar sayəsində xəstəlik daha dəqiq müəyyən edilə bilir. Beyin-onurğa beyni mayesinin müayinəsi ilə Alzheimerə xas dəyişikliklər aşkar edilə bilir.
O vurğulayıb ki, Alzheimer utanılacaq bir vəziyyət deyil və hipertoniya və ya diabet kimi müalicə və daimi nəzarət tələb edən bir xəstəlik kimi qəbul edilməlidir.
Yılmazın sözlərinə görə, Alzheimer xəstələrinin üçdə ikisini qadınlar təşkil edir, buna görə də qadınların qorunmasına yönəlmiş maarifləndirmə xüsusi əhəmiyyət daşıyır.
Alzheimerdən qorunmaq üçün tövsiyələr
Mütəxəssis xəstəliyin qarşısının alınmasında sağlam həyat tərzinin vacibliyini qeyd edərək bunları tövsiyə edib:
Aralıq dənizi tipli qidalanma
Nizamlı və keyfiyyətli yuxu
Emal olunmuş qidalardan uzaq durmaq
Zehni fəaliyyətləri artırmaq
Sosial həyatda aktiv olmaq
Mütəmadi fiziki məşqlər etmək
Bu vərdişlərin Alzheimer riskini azaltmağa və beyin sağlamlığını uzun müddət qorumağa kömək etdiyi bildirilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
