İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türkiyə dənizlərində nə baş verir?

Son dövrlər Türkiyə sahillərində balina, suiti və müxtəlif dəniz canlılarının ardıcıl müşahidə olunması diqqət çəkir. Bununla yanaşı, dəniz ekosistemindəki dəyişikliklər də getdikcə daha çox müzakirə olunur. Müxtəlif növlərin eyni dövrdə fərqli bölgələrdə görünməsi dənizlərdə baş verən dəyişiklikləri açıq şəkildə göstərir.

Hatay sahillərində balina, Fethiye-Göcek bölgəsində kaşalot (ispermeçet balinası) və müxtəlif yerlərdə Aralıq dənizi suitilərinin görünməsi bu mövzunu yenidən gündəmə gətirib. Bundan əlavə, pusula meduzalarının Mərmərə və Şimali Egey dənizinə qədər yayılması ekosistemdə baş verən dəyişikliklərlə bağlı suallar doğurur.

Dənizlərdə nə dəyişir?

Akdeniz Universitetinin Su Məhsulları Fakültəsinin müəllimi professor Mehmet Gökoğlu bildirir ki, balina və suitilərin daha tez-tez görünməsi həm təsadüfi, həm də iqlim dəyişiklikləri ilə əlaqədardır.

Onun sözlərinə görə:

Aralıq dənizi suitisi bu bölgəyə xas endemik növdür.

Balinalar da Aralıq dənizində yaşayır.

Onların ard-arda görünməsi müəyyən qədər təsadüf olsa da, dənizlərdə ciddi ekoloji dəyişikliklər yaşanır.

Qlobal istiləşmə və yeni növlərin bölgəyə daxil olması artıq danılmaz bir reallıqdır.

Meduzalar təhlükəlidirmi?

Son günlər ən çox danışılan mövzulardan biri də meduzalardır. Xüsusilə sahilboyu ərazilərdə görünən pusula meduzaları narahatlıq yaradır.

Professor Gökoğlu bildirir ki:

Şərqi Aralıq dənizində çoxalan Rhopilema nomadica meduzaları dəniz axınları ilə qərbə doğru hərəkət edib.

Antalya sahillərində müşahidə olunan sıxlıq müvəqqəti olub və aprel ayının sonu, mayın əvvəlində bu keçid başa çatıb.

Hazırda pusula meduzalarının kütləvi artımı müşahidə edilmir və ciddi narahatlığa əsas yoxdur.

Dəniz suyunun istiləşməsi canlıların yaşayışını dəyişdirir

İqlim dəyişikliyi dənizlərdə də öz təsirini göstərir. Dəniz suyunun temperaturunun artması canlıların həm miqrasiya yollarını, həm də yaşayış məkanlarını dəyişdirir.

Professorun sözlərinə görə:

Bu il dəniz suyu gec isinməyə başlayıb.

Bu vəziyyət bəzi canlıların çoxalma dövrünü 10-15 gün gecikdirə bilər.

Xüsusilə dar yaşayış arealına malik növlər bu dəyişikliklərdən daha çox təsirlənir.

Türkiyə sahillərində yeni növlər artır

Son illərdə Qırmızı dənizdən Aralıq dənizinə çoxlu yeni balıq və digər dəniz orqanizmləri daxil olub.

Professor Gökoğlu bəzi nümunələr çəkir:

Antalya Konyaaltı sahillərində əvvəllər olmayan Yapon sardinası (Yapon hamsisi) artıq geniş yayılıb.

Əvvəllər bol olan bəzi yerli sardina növləri azalır.

İspari balığının yerini miqrant növ olan çizgili gırt-gırt (Gargur) balığı tutmağa başlayıb.

Yosun və dəniz bitkilərinin tərkibində də əhəmiyyətli dəyişikliklər müşahidə olunur.

Bunun səbəbi təkcə iqlim dəyişikliyidirmi?

Professor vurğulayır ki, səbəb yalnız qlobal istiləşmə deyil.

Onun sözlərinə görə:

1970-ci illərdə Nil çayı üzərində Asuan bəndinin tikilməsi Aralıq dənizinə axan şirin suyun miqdarını azaltdı.

Əvvəllər Süveyş kanalının girişində aşağı duzluluq zonası və duz gölləri xarici növlər üçün təbii maneə rolunu oynayırdı.

Kanalın genişləndirilməsi və dərinləşdirilməsi bu maneələri zəiflətdi.

Qlobal istiləşmə nəticəsində Aralıq və Qırmızı dəniz arasındakı temperatur fərqi də azaldı.

Beləliklə, ekzotik növlərin Aralıq dənizinə köçü üçün əlverişli şərait yarandı.

Egey və Mərmərə dənizləri də dəyişir

Bu dəyişikliklər artıq təkcə Aralıq dənizi ilə məhdudlaşmır.

Professor Gökoğlunun sözlərinə görə:

Qırmızı dəniz mənşəli bəzi balıq növləri Egey və hətta Mərmərə dənizində də qeydə alınıb.

Aralıq dənizinə xas orfoz və lagos kimi növlər Mərmərədə görünməyə başlayıb.

Bu vəziyyət Mərmərə dənizinin də tədricən istiləşdiyini göstərir.

Hətta Qara dənizdə də əvvəllər rast gəlinməyən bəzi ekzotik növlər tutulub.

Mavi yengəc bunun ən diqqətçəkən nümunələrindən biridir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az