Aylarla aparılan siyasi müzakirələrdən sonra Almaniyanın koalisiya hökuməti orduda şəxsi heyətin artırılmasını nəzərdə tutan yeni hərbi planı razılaşdırıb.
Gundelik.az xəbər verir ki, bu addım ölkənin 2035-ci ilə qədər 260 min nəfərlik ordu yaratmaq hədəfinə doğru mühüm mərhələ hesab edilir.
Yeni modelə əsasən, bütün 18 yaşlı kişilərə məcburi, 18 yaşlı qadınlara isə könüllü əsasda sorğu göndəriləcək. Sorğunun məqsədi gənclərin orduya münasibətini və xidmətə yararlılığını müəyyən etməkdir. 2027-ci ildən etibarən isə 18 yaşlı kişilər üçün məcburi tibbi müayinə tətbiq olunacaq.
“Avropanın ən güclü ordusu” hədəfi
Almaniya Avropanın ən güclü adi ordusunu qurmağı planlaşdırır. Ölkənin ən böyük müdafiə şirkəti olan Rheinmetallın baş direktoru Armin Papperger kansler Fridrix Merzin müəyyən etdiyi hədəfin beş il ərzində mümkün ola biləcəyini bildirib. Onun sözlərinə görə, hökumət bu istiqamətdə “aydın qərarlar” qəbul edir.
Hazırda Bundesverin şəxsi heyəti təxminən 182 min nəfərdir. Yeni modelə görə, bu rəqəmin gələn il 20 min artacağı, növbəti 10 il ərzində isə 255–260 minə çatacağı gözlənilir. Bundan başqa, təxminən 200 min nəfərlik ehtiyat qüvvə də sistemə daxil ediləcək.
Koalisiya hökumətini təşkil edən CDU/CSU və SPD bu ilin əvvəlində hərbi xidmətin bərpasına prinsipial olaraq razılıq versələr də, ilkin mərhələdə bunun könüllülük əsasında olacağını bildirmişdilər.
Məcburi hərbi xidmət gündəmdə ola bilər
Gələn ildən etibarən sorğu kişilər üçün məcburi, qadınlar üçün isə könüllü olacaq. 2027-ci ilin iyulundan bütün kişilər tibbi müayinədən keçməli olacaqlar. Əgər hökumət planlaşdırılan şəxsi heyət sayına çata bilməsə, məcburi hərbi xidmət yenidən gündəmə gətirilə bilər.
Gənclərin əksəriyyəti əleyhinədir
Almaniyanın siyasi sol qanadı hərbi çağırışa qarşı çıxır və gənclərin də böyük hissəsi bu planı dəstəkləmir.
Stern jurnalının Forsa sorğusuna görə, əhalinin yarısı məcburi hərbi xidmətin tərəfdarı olsa da, 18–29 yaşlılar arasında bu göstərici 63% əleyhinədir.
Berlində keçirilən etiraz aksiyasında 17 yaşlı Jimi hökumətin planını “gənclərin gələcəklərini əlindən alan mücərrəd təhdid” adlandıraraq deyib: “Mən müharibəyə getmək istəmirəm. Ölmək və ya kimisə vurmaq istəmirəm”.
Digər tərəfdən, 21 yaşlı Ceyson təhlükəsizlik vəziyyətinin gərginliyi səbəbindən bu il orduya qoşulduğunu bildirib: “Sülhü və demokratik dəyərləri qorumaq istədim. Güclü ordu müharibənin qarşısını ala bilər”.
“Narahatlığa əsas yoxdur”
Müdafiə naziri Boris Pistorius isə cəmiyyətdəki narahatlığı azaltmağa çalışaraq bildirib: “Qorxuya ehtiyac yoxdur”. Onun sözlərinə görə, güclü ordu Almaniyanın münaqişəyə sürüklənməsi riskini azaldır.
Almaniya Soğuk Müharibədən sonra müdafiə xərclərini azaltmış və 2011-ci ildə məcburi hərbi xidməti dayandırmışdı. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi Berlinin müdafiə siyasətini köklü şəkildə dəyişməsinə səbəb oldu. Kansler Merz bildirib ki, Almaniya artıq “nə lazımdırsa, ediləcək” prinsipilə hərəkət edir.
Avropada silahlanma yenidən artır
NATO ölkələri və ABŞ-ın təzyiqi fonunda Avropada silahlanma prosesi sürətlənib, müdafiə sənayesinin gəlirləri də ciddi şəkildə artıb. Rheinmetall şirkətinin rəhbəri Papperger deyib: “Tələb çox yüksəkdir, buna görə də böyük gəlir əldə edirik”.
O, hərbi nəqliyyat vasitələri, sursat, elektronika və istehsalda süni intellektdən istifadə sahələrində tələbatın rekord dərəcədə artdığını bildirib.
Keçən il Rusiyanın Pappergerə sui-qəsd planlaşdırdığına dair məlumatlar yayılsa da, bu iddialar təsdiqlənməyib. O isə bu barədə şərh vermədən “Özümü yaxşı və təhlükəsiz hiss edirəm” deyib.
Avropadakı vəziyyəti şərh edən Papperger əlavə edib: “Buna nə ad versəniz, bu, sülh dövrü deyil.”
Gundelik.az

