NATO-nun beynəlxalq hərbi təlimlərinin başlaması ilə əlaqədar Almaniya Hərbi Hava Qüvvələrinə məxsus texnikalar Litvaya yerləşdirilib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Mayın 3-dən 23-dək Litvada “Griffin Lightning 2025” beynəlxalq hərbi təlimləri keçiriləcək… Litva sakinləri üçün bu təlimlərin ən çox görünən hissəsi bu şənbə günü başlayacaq. Almaniya hərbi helikopterlərinin Litvanın hava məkanında gündüz və gecə uçuşlarına başlanacaq”, – məlumatda deyilir.
Qeyd olunur ki, bu məqsədlə Litvaya 30-a yaxın alman hərbi vertolyotu yerləşdiriləcək: “TIGER hücum helikopterləri, NH90 nəqliyyat helikopterləri, CH-53 ağır nəqliyyat helikopterləri və EC135 yüngül çoxməqsədli helikopterlər Litvaya yerləşdiriləcək”.
Hərbi idarədən bildirilib ki, təlim uçuşları Litvanın əksər ərazisini, o cümlədən sərhədyanı əraziləri əhatə edəcək.
“Bəzi uçuşlar son dərəcə aşağı hündürlüklərdə – təxminən 150 metrdə həyata keçiriləcək”, – məlumatda deyilir.
“Griffin Lightning 2025” təlimi NATO-nun Şimal-Şərq Çoxmillətli Korpusu tərəfindən təşkil olunur və təlimin əhəmiyyətli hissəsi Litva, Latviya, Polşa və Estoniyada keçirilir. Təlimin məqsədi regionda NATO-nun müdafiə planlarının həyata keçirilməsini təcrübədən keçirməkdir.
Gundelik.az

