Çinin internet nəhəngi “Alibaba Group Holding Ltd.” birinci maliyyə rübündə xalis mənfəətini 1,8 dəfə artırıb.
Gundelik.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, şirkətin gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 2% yüksəlib.
İyunun 30-da başa çatan rübdə Alibaba-nın xalis mənfəəti 34,12 milyard yuan (təxminən 6,02 milyard dollar) təşkil edib. Bu göstərici keçən ilin eyni dövründə 24,27 milyard yuan idi. Hər ADS üzrə mənfəət 9,86 yuandan 17,98 yuana qalxıb.
Mənfəətin artımına əsasən investisiya portfelindəki dəyişikliklər və “Trendyol” xidmətinin satışından əldə olunan gəlir təsir edib. Lakin birdəfəlik amillər nəzərə alınmadan, hər ADS üzrə mənfəət 10% azalaraq 14,75 yuana düşüb.
Rüblük gəlir 247,65 milyard yuan olub ki, bu da ötən ilin 243,24 milyard yuana bərabər göstəricisindən bir qədər çoxdur. Analitiklər isə orta hesabla 251,93 milyard yuan gəlir və 27,64 milyard yuan mənfəət proqnozlaşdırmışdılar.
Şirkətin Çin Elektron Ticarət Qrupu üzrə gəliri 10% artaraq 140,07 milyard yuana çatıb. “Lazada”, “AliExpress”, “Trendyol” və “Alibaba.com”un daxil olduğu Beynəlxalq Rəqəmsal Ticarət Qrupunun gəliri isə 19% yüksələrək 34,74 milyard yuana çatıb.
“Alibaba”nın bulud xidmətləri üzrə gəliri də gözləntiləri üstələyib – 26% artımla 33,4 milyard yuana yüksəlib.
Analitiklərin konsensus proqnozu 31,44 milyard yuan idi.
Şirkətin ADR-ləri cümə günü Nyu-York birjasında 3% bahalaşıb, ilin əvvəlindən isə 41% artım göstərib.
Gundelik.az
