Gundelik.az Dünya Air India böhranı Ahmedabad qəzasının yekun hesabatı öncəsi daha da dərinləşir
Dünya Xəbərlər

Air India böhranı Ahmedabad qəzasının yekun hesabatı öncəsi daha da dərinləşir

Air India şirkəti 12 iyun 2025-ci ildə Əhmədabadda baş verən və 260 nəfərin ölümünə səbəb olan AI-171 reysinin faciəsindən sonra ağır böhran dövrü yaşayır. Hindistanın Təyyarə Qəzalarının Araşdırılması Bürosunun (AAIB) yekun hesabatını gələn ay açıqlaması gözlənilir və bütün dünya nəticələri gözləyir.

Qəza sonrası şirkətin vəziyyəti daha da çətinləşib. Rəhbərlik boşluğu, milyardlarla dollarlıq zərər, hava məkanlarının bağlanması və Yaxın Şərqdə yanacaq qiymətlərinin artması Air India-nın bərpa planını təhlükə altına qoyub. Son aylarda baş verən müxtəlif texniki və əməliyyat problemləri isə aviaşirkətin təhlükəsizlik imicinə ciddi zərbə vurub.

Ötən ay şirkətin baş icraçı direktoru Campbell Wilson vaxtından əvvəl istefa verib. Məlumata görə, 2026-cı ilin martında bitən maliyyə ilində şirkətin zərəri 2,4 milyard dollara çatıb.

2022-ci ildə Tata Group tərəfindən hökumətdən alınan Air India hazırda qrupun ən çox zərər edən şirkətinə çevrilib. Yerli media yazır ki, Tata rəhbərliyi son iclasında xərclərin azaldılması planlarını müzakirə edib və işçilərə “çətin dövr” barədə xəbərdarlıq edib.

Eyni zamanda, Singapore Airlines rəhbərliyinin Mumbaydakı qərargaha gəlişi şirkətin Air India idarəçiliyində daha böyük rol ala biləcəyi barədə iddiaları gücləndirib. Singapore Airlines hazırda Air India-nın 25,1 faiz səhmdarıdır.

Aviasiya mütəxəssisləri hesab edir ki, Wilsonun istefası şirkət üçün kritik anda böyük boşluq yaradıb. Air India özəlləşdirildikdən sonra beş illik yenilənmə planı açıqlamışdı, lakin ekspertlər deyirlər ki, planla real nəticələr arasında ciddi fərqlər yaranıb.

Şirkət son bir ildə bir sıra qalmaqallı hadisələrlə də gündəmə gəlib. Mart ayında Delhi–Vancouver reysi Kanada hava məkanına giriş icazəsi olmadığı üçün səkkiz saata yaxın uçduqdan sonra geri qayıtmağa məcbur olmuşdu. Hindistanın aviasiya tənzimləyicisi isə ötən il Air India-da 51 təhlükəsizlik pozuntusu aşkarlayıb, bunlardan yeddisi ən ciddi kateqoriyaya aid edilib.

Şirkətin problemləri yalnız daxili səbəblərlə məhdudlaşmır. Yeni təyyarələrin çatdırılması qlobal təchizat zənciri problemlərinə görə gecikir. Bundan başqa, 2024-cü ildən etibarən bir sıra beynəlxalq marşrutlar, o cümlədən Delhi–Vaşinqton və Mumbay–San Fransisko uçuşları ləğv olunub ki, bu da gəlirlərin azalmasına təsir edib.

Hindistan rupisinin ABŞ dolları qarşısında 10%-dən çox dəyər itirməsi də şirkətə əlavə təzyiq yaradır. Çünki yanacaq daxil olmaqla aviaşirkətin əsas xərcləri dollarla hesablanır.

Ekspertlər hesab edir ki, Tata Group və Singapore Airlines şirkəti ayaqda saxlamaq üçün əlavə maliyyə dəstəyi verməli olacaq. Bununla belə, analitiklər yaxın aylarda vəziyyətin daha da ağırlaşa biləcəyini bildirirlər.

Mütəxəssislərin fikrincə, ən kritik məqam isə Əhmədabad qəzası üzrə yekun hesabat olacaq. Hesabatda şirkət üçün mənfi nəticələr yer alarsa, bu, Air India-nın onsuz da zəifləyən nüfuzuna daha böyük zərbə vura bilər və imicin bərpası uzun illər çəkə bilər.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version