İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Aİ “LUKOIL” ilə əlaqələri kəsməyi nəzərdən keçirir – “Politico”

Avropa İttifaqı (Aİ) Rusiyanın “LUKOIL” enerji şirkəti ilə əlaqələri dayandırmaq və onunla əməliyyatları qadağan etmək imkanlarını araşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə “Politico” nəşri yüksək vəzifəli Aİ rəsmisinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Aİ ABŞ tərəfindən sanksiyaya məruz qalan, lakin İttifaqın Rusiyaya qarşı qəbul etdiyi 19-cu sanksiya paketinə daxil edilməmiş “LUKOIL”dan “azad olmağı” planlaşdırır.

Aİ daxilində hazırda “şirkətlə əməliyyatların qadağan edilməsi variantı” üzərində iş aparılır.

Eyni zamanda, “Politico”nun mənbəsi qeyd edib ki, “LUKOIL” dövlətə məxsus “Rosneft” və “Qazprom Neft”dən fərqli olaraq özəl şirkətdir. O, Avropada — xüsusən Bolqarıstan və Rumıniyadakı neft emalı zavodlarında, həmçinin qitə üzrə çoxsaylı yanacaqdoldurma məntəqələrində fəaliyyətini davam etdirir.

“Biz sanksiyaları tam tətbiq etməzdən əvvəl bu obyektlərdən qurtulmağın yolunu tapmalıyıq”, – mənbə bildirib.

Qeyd edək ki, Aİ-nin oktyabrın 23-də təqdim edilən 19-cu sanksiya paketi “Rosneft” və “Qazprom Neft”ə qarşı əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin gücləndirilməsini nəzərdə tutur.

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi də həmin gecə Rusiyaya qarşı əlavə sanksiyalar elan edib. Yeni tədbirlər “Rosneft” və “LUKOIL” şirkətlərini, eləcə də onların törəmə müəssisələrini əhatə edir. Sanksiya siyahısına “LUKOIL-Qərbi Sibir”, “LUKOIL-Kalininqradmorneft” və digər altı törəmə şirkət, həmçinin “Rosneft”in təxminən 30 filialı – “Sibneftegaz”, “Rospaninternational” və “RN-Purneftegaz” da daxildir.

Gundelik.az