Gundelik.az Dünya Aİ ABŞ sənaye məhsullarına tətbiq etdiyi gömrük rüsumlarını ləğv etdi
Dünya Xəbərlər

Aİ ABŞ sənaye məhsullarına tətbiq etdiyi gömrük rüsumlarını ləğv etdi

Avropa İttifaqı (Aİ) ötən il ABŞ ilə əldə olunmuş ticarət sazişi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri bu gün qüvvəyə mindirərək, ABŞ mənşəli çoxsaylı sənaye məhsullarına tətbiq etdiyi gömrük rüsumlarını ləğv edib.

Aİ Komissiyasının Prezidenti Ursula von der Leyen sosial media hesabında paylaşdığı açıqlamada bildirib:

“Bu gündən etibarən Aİ ABŞ-dan idxal olunan sənaye məhsullarına tətbiq etdiyi gömrük tariflərini ləğv edir. Bu, transatlantik ticarət üçün müsbət xəbərdir.”

Von der Leyen qeyd edib ki, bu addım biznes və istehlakçılar üçün daha çox proqnozlaşdırıla bilən mühit, daha geniş seçim imkanları və daha münasib qiymətlər yaradacaq. O vurğulayıb ki, qərar Aİ ilə ABŞ arasında imzalanmış birgə bəyanatda nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsidir.

O, həmçinin transatlantik münasibətlərin dünyanın ən dəyərli tərəfdaşlıqlarından biri olaraq qaldığını bildirib.

Aİ ilə ABŞ arasında ticarət sazişinin hüquqi tətbiqini təmin edən əsas sənəd Aİ-nin Rəsmi Jurnalında dərc olunduqdan sonra bu gün qüvvəyə minib.

Yeni qaydalara əsasən, Aİ ABŞ mənşəli çoxsaylı sənaye məhsullarına tətbiq olunan gömrük rüsumlarını aradan qaldırıb. Bununla yanaşı, ABŞ-dan idxal edilən müxtəlif kənd təsərrüfatı və dəniz məhsullarına da güzəştli bazar çıxışı təmin olunmağa başlanıb.

Aİ-nin iqtisadi maraqlarını qorumağa yönəlmiş müxtəlif təminat mexanizmlərini də özündə əks etdirən ticarət sazişi 31 dekabr 2029-cu il tarixinədək qüvvədə olacaq.

Aİ ilə ABŞ arasında bu ticarət sazişi üzrə danışıqlar 2025-ci ilin iyulunda Scotlandda, Donald Trumpa məxsus Turnberry qolf kompleksində yekunlaşmışdı.

Sazişə əsasən, Aİ ABŞ məhsullarına tətbiq etdiyi gömrük tariflərini ləğv etməyi qəbul edib. ABŞ isə Aİ mənşəli məhsullara 15 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version