Gundelik.az Mədəniyyət və cəmiyyət Ağrıkəsicilər mədəni səssizcə zədələyə bilər: Qastrit və reflüks riskinə diqqət
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ağrıkəsicilər mədəni səssizcə zədələyə bilər: Qastrit və reflüks riskinə diqqət

Ağrıkəsicilərdən həddindən artıq və nəzarətsiz istifadə, eləcə də düzgün olmayan qidalanma vərdişləri mədəyə ciddi zərər verə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu amillər zamanla qastrit, reflüks və hətta mədə xorası kimi problemlərin yaranmasına səbəb ola bilər.

Mədə xəstəlikləri arasında ən çox qarışdırılan iki vəziyyət qastrit və reflüksdür. Qastroenteroloq Dr. Nurettin Coşkunun sözlərinə görə, hər iki xəstəlik həyat tərzi və qidalanma vərdişləri ilə sıx bağlıdır.

Qastrit mədə divarının iltihablanması nəticəsində yaranır. Əsas əlamətləri mədə ağrısı, yanma hissi, ürəkbulanma və bəzi hallarda qusmadır.

Reflüks isə mədə möhtəviyyatının qida borusuna geri qayıtması nəticəsində meydana gəlir. Bu zaman döş qəfəsində yanma, boğaza qədər yüksələn turş dad, öskürək və boğazda qıcıqlanma hissi daha çox müşahidə olunur.

Mütəxəssis bildirir ki, xüsusilə ağrıkəsici dərmanların tez-tez istifadəsi mədənin qoruyucu qatını zədələyə bilər. Bu isə uzunmüddətli perspektivdə qıcıqlanma, iltihab və hətta xora əmələ gəlməsi riskini artırır.

Qidalanma rejimi də mühüm rol oynayır. Az-az və tez-tez qidalanmaq, mədəni birdən-birə çox doldurmamaq tövsiyə olunur. Gec saatlarda yemək yemək isə həm qastrit, həm də reflüks şikayətlərini gücləndirən ən geniş yayılmış səhvlərdən biridir. Həkimlər yatmazdan ən azı 3–4 saat əvvəl qida qəbulunun dayandırılmasını məsləhət görürlər.

Bəzi əlamətlər isə xüsusi diqqət tələb edir. Udma çətinliyi, sürətli çəki itkisi, dəmir çatışmazlığı anemiyası və xüsusilə 45 yaşdan sonra yeni başlayan mədə şikayətləri mütləq həkim müayinəsi üçün səbəb sayılır.

Gündəlik həyatda edilən kiçik dəyişikliklər belə əhəmiyyətli nəticələr verə bilər. Yatağın baş hissəsini bir qədər qaldırmaq, stresdən uzaq durmaq, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq və balanslı qidalanmaq şikayətlərin azalmasına kömək edir.

Mütəxəssislər vurğulayırlar ki, həm qastrit, həm də reflüks nəzarət altına alına bilən xəstəliklərdir. Lakin xüsusilə 45 yaşdan sonra yaranan və ya uzun müddət davam edən simptomlar olduqda vaxt itirmədən həkimə müraciət etmək vacibdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version