Ağız sağlamlığını qorumaq yalnız şəkərli qidalardan uzaq durmaqla məhdudlaşmır. Araşdırmalar göstərir ki, qəbul etdiyimiz qidalar ağızdakı faydalı və zərərli bakteriyaların tarazlığına birbaşa təsir edir.
Ağız boşluğunda 700-ə yaxın müxtəlif bakteriya növü ilə yanaşı viruslar, göbələklər və digər mikroorqanizmlər yaşayır. Onların bir qismi diş çürüməsi və diş əti xəstəliklərinə səbəb olsa da, faydalı bakteriyalar zərərli mikrobların çoxalmasının qarşısını almağa kömək edir.
Məsələn, Streptococcus mutans şəkəri turşuya çevirərək diş minasına zərər verir. Digər tərəfdən, Neisseria, Veillonella və bəzi Streptokok növləri zərərli mikroorqanizmlərlə rəqabət apararaq onların ağızda çoxalmasını məhdudlaşdırır.
Şəkər və emal olunmuş karbohidratları azaldın
Şəkərli içkilər, şirniyyatlar və digər yüksək şəkərli qidalar diş çürüməsinə səbəb olan bakteriyalar üçün əlverişli mühit yaradır. Ağ çörək, kraker, peçenye, keks və duzlu çubuqlar kimi emal olunmuş karbohidratları da məhdudlaşdırmaq tövsiyə olunur. Çünki bu qidalar ağızda asanlıqla şəkərə çevrilir.
Yaşıl yarpaqlı tərəvəzlər faydalıdır
Kahı, ispanaq, çuğundur və turp kimi tərəvəzlər nitratla zəngindir. Ağızdakı bəzi bakteriyalar nitratı nitritə çevirir və bu proses orqanizmdə azot oksidinin yaranmasına töhfə verir. Azot oksidi isə damarların genişlənməsinə və qan təzyiqinin azalmasına kömək edir.
Sarımsaq da ağız sağlamlığı baxımından faydalıdır. Tərkibindəki allisin maddəsi diş çürüməsi və diş əti xəstəlikləri ilə əlaqəli bəzi bakteriyalara qarşı təsir göstərə bilir.
Meyvə və çay da faydalı ola bilər
Bitkilərdə olan polifenollar zərərli bakteriyaların fəaliyyətini məhdudlaşdırmağa kömək edir. Xüsusilə çayda və tünd rəngli meyvələrdə bu maddələr çoxdur.
Araşdırmalara görə, çay ağızda lövhənin yaranmasında və ağız qoxusunda rol oynayan bəzi bakteriyaların sayını azaldır. Zoğal şirəsinin də diş lövhəsinin yaranmasını və bəzi zərərli bakteriyaların inkişafını məhdudlaşdıra biləcəyi müəyyən edilib.
Pendir və fermentləşdirilmiş qidalar
Pendir çeynəmə zamanı tüpürcək ifrazını artırır. Tüpürcək ağızdakı artıq şəkəri yuyur və turşuluğun azalmasına kömək edir.
Kiçik bir araşdırmada pendir qəbulundan sonra ağız bakteriyalarının tərkibində dəyişiklik müşahidə edilib: diş çürüməsi ilə əlaqəli S. mutans bakteriyasının sayı azalıb, sağlam ağızlarda daha çox rast gəlinən S. sanguinis isə artıb.
Kefir kimi fermentləşdirilmiş süd məhsullarının da bəzi zərərli ağız bakteriyalarını və onların yapışqan təbəqə yaratmasını məhdudlaşdıra biləcəyi göstərilib.
Əsas məsələ ümumi qidalanmadır
Mütəxəssislər ağız sağlamlığı üçün konkret bir “möcüzə qida” olmadığını vurğulayırlar. Əsas olan ümumi qidalanma tərzidir.
Tərəvəz, meyvə, paxlalılar, tam taxıllar və sağlam yağlarla zəngin, rafinə edilmiş şəkər və karbohidratların az olduğu qidalanma ağız mikrobiomunun tarazlığını qorumağa kömək edir. Aralıq dənizi tipli qidalanmanın da daha az şiddətli diş əti xəstəliyi ilə əlaqəli olduğu müəyyən edilib.
Bununla yanaşı, dişləri müntəzəm fırçalamaq və diş ipindən istifadə etmək vacibdir. Bu tədbirlər ağızda xəstəliklə əlaqəli mikrobların sayını əhəmiyyətli dərəcədə azaldır.
Nəticə olaraq, ağız sağlamlığını qorumağın ən yaxşı yollarından biri şəkərli və emal olunmuş qidaları azaltmaq, tərəvəz, meyvə, paxlalılar və tam taxıllara üstünlük verməkdir. Düzgün qidalanma ilə yanaşı, müntəzəm ağız gigiyenası da sağlam ağız mikrobiomunun qorunmasında mühüm rol oynayır.
Mənbə:BBC Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
