Gundelik.az Dünya Ağız bakteriyaları infarkt riskini artıra bilər
Dünya Xəbərlər

Ağız bakteriyaları infarkt riskini artıra bilər

Finlandiyanın Tampere Universitetində aparılan yeni araşdırma ağız boşluğunda olan bəzi bakteriyaların birbaşa infarkt keçirməyə səbəb ola biləcəyini ortaya qoyub.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Ürək-damar xəstəliyindən əziyyət çəkən 200-dən çox xəstənin damar lövhəsi nümunələrinin təhlili nəticəsində alimlər həmin lövhələrin əhəmiyyətli hissəsində ağız bakteriyalarının izlərini aşkarlayıblar.

Tədqiqata rəhbərlik edən professor Pekka Karhunen bildirib ki, koronar arteriya xəstəliklərində bakteriyaların rolu uzun müddətdir şübhə doğursa da, indiyədək bununla bağlı birbaşa və inandırıcı dəlillər yox idi:
“Bizim araşdırmamız göstərdi ki, ağız boşluğunda mövcud olan bir çox bakteriyanın DNT-si damar lövhələrində aşkar edilir”.

Ateroskleroz və qəfil ölüm riski

Araşdırmanın əsas diqqət mərkəzində infarktın başlıca səbəblərindən biri olan ateroskleroz olub. Bu xəstəlik zamanı damar divarlarında yağ, xolesterin, kalsium və digər maddələrdən ibarət lövhələr yığılır, nəticədə damarlar daralır, qan dövranı zəifləyir və ürək əzələsinə oksigenin çatması çətinləşir.

Tədqiqat çərçivəsində 121 qəfil ölüm hadisəsi və 96 cərrahi xəstənin nümunələri analiz edilib. Nəticədə “viridans streptokokları” kimi tanınan ağız bakteriyaları qəfil ölüm yaşayanların damar lövhələrinin 42,1 faizində, əməliyyat olunanların isə 42,9 faizində aşkarlanıb.

Gizli təhlükə – bakterial biofilmlər

Alimlərin sözlərinə görə, bakterial biofilmlər çox vaxt immunitet sistemindən gizlənərək damar lövhələrinin mərkəzində yerləşir. Stress, düzgün olmayan qidalanma, tənəffüs yolu infeksiyaları və hormonal dəyişikliklər bu bakteriyaların iltihablanmasına səbəb ola bilər ki, bu da lövhənin qırılması və infarktla nəticələnə bilər.

Ağız sağlamlığı – ürək sağlamlığı üçün vacibdir

Tədqiqatın nəticələri göstərir ki, ağız sağlamlığı ürək sağlamlığı ilə əvvəlkindən daha güclü şəkildə əlaqəlidir. Mütəxəssislər hesab edir ki, ağız boşluğundakı bakteriyalar damar lövhələrinin sabitliyinə təsir göstərərək infarkt riskini artırır.

Araşdırmanın nəticələri “Journal of the American Heart Association” jurnalında dərc olunub.

Gundelik.az 

Exit mobile version