Gundelik.az Dünya Ağıllı eynəklər “məxfilik işğalı” sayılır — amma Meta məhsulları rekord sürətlə satılır
Dünya Xəbərlər

Ağıllı eynəklər “məxfilik işğalı” sayılır — amma Meta məhsulları rekord sürətlə satılır

Meta şirkətinin “smart” və ya “AI” eynəkləri ətrafında narahatlıqlar sürətlə artır. Buna baxmayaraq, dünyanın ən böyük texnologiya şirkətləri yaxın illərdə milyonlarla belə eynək satmağa hazırlaşır.

Son dövrlərdə xüsusilə qadınlar çimərlikdən çıxarkən, mağazaya girərkən və ya küçədə dayanarkən, çox vaxt Ray-Ban tipli Meta ağıllı eynəyi taxan kişilər tərəfindən gizlicə çəkildiklərini bildirirlər. Bu şəxslər qadınlara adi suallar verir və ya “pick-up line” deyə tanınan flört cümlələri işlədir, bütün reaksiyanı isə onların xəbəri və razılığı olmadan videoya yazırlar.

Qadınlar videoların mövcudluğunu adətən sosial şəbəkələrdə yayıldıqdan və təhqirlərlə qarşılaşdıqdan sonra öyrənirlər. Hüquqi müdafiə isə çox zəifdir, çünki ictimai yerlərdə çəkiliş bir çox ölkədə qanuni sayılır. BBC-yə danışan qadınlardan biri bildirib ki, gizli videosunu silməyi xahiş etdikdə ona “bu pullu xidmətdir” cavabı verilib.

Hazırda bazarda ən populyar ağıllı eynəklər Meta məhsullarıdır və ekspertlərin qiymətləndirməsinə görə, bütün AI/smart eynək satışlarının 80%-dən çoxunu təşkil edir. Şirkət bu məhsulları EssilorLuxottica ilə əməkdaşlıq çərçivəsində hazırlayıb.

Eynəklərin çərçivəsinə demək olar görünməyən kamera yerləşdirilib. Qollarında kiçik dinamiklər var və istifadəçi çərçivəyə toxunaraq asanlıqla video çəkə və ya şəkil çəkə bilir.

Kameranın çox gizli olması səbəbindən hətta bəzi istifadəçilər özləri də nə vaxt çəkiliş etdiklərini və həmin videoların hara göndərildiyini anlamadıqlarını deyirlər.

Keniyada Meta üçün AI təlim məlumatlarını yoxlayan işçilər iddia ediblər ki, onlardan bu eynəklərlə çəkilmiş intim və narahatedici videolar izləmələri tələb olunub. Bundan sonra istifadəçilər Meta-ya qarşı iki məhkəmə iddiası qaldırıblar. İddialardan birində insanlar belə videoların ümumiyyətlə çəkildiyini bilmədiklərini, digərində isə videoların şirkət tərəfindən yoxlanış üçün paylaşıldığından xəbərsiz olduqlarını deyiblər.

Meta isə bildirib ki, bəzi hallarda insan yoxlamasının mümkün olduğu istifadə şərtlərində qeyd olunub.

Bütün tənqidlərə baxmayaraq satışlar artır. Şirkətin məlumatına görə, artıq 7 milyondan çox ağıllı eynək satılıb.

Mark Zuckerberg bu məhsulları “tarixin ən sürətlə böyüyən istehlak elektronikası cihazlarından biri” adlandırıb.

Meta nümayəndəsi Tracy Clayton BBC-yə açıqlamasında bildirib ki, hər texnologiyada olduğu kimi məsuliyyət əsasən istifadəçilərin üzərinə düşür:

“Texnologiyadan sui-istifadənin qarşısını almaq üçün komandalarımız var. Amma əsas məsuliyyət insanların onu pis məqsədlə istifadə etməməsidir.”

İndi isə digər texnologiya nəhəngləri də bu bazara daxil olmağa hazırlaşır.

Apple gələn il öz ağıllı eynəyini təqdim edə bilər. Snap isə “Specs” adlı yeni modelini bu il satışa çıxaracağını açıqlayıb.

Google da illər əvvəl uğursuz olan Google Glass layihəsindən sonra yenidən ağıllı eynək bazarına qayıtmağa hazırlaşır.

Bu cihazların əksəriyyətində süni intellekt (AI) və artırılmış reallıq (AR) texnologiyalarının olacağı gözlənilir və bu da kameraların əsas hissə olmasını qaçılmaz edir.

Bununla belə, ağıllı eynəklərin faydalı tərəfləri də var.

Texnologiya məsləhətçisi Mark Smith Meta Ray-Ban eynəklərindən hər gün istifadə etdiyini deyir. O bildirir ki, qab yuyarkən musiqi dinləmək, telefon zəngləri etmək və səyahətdə telefonu çıxarmadan şəkil çəkmək çox rahatdır.

Amma Smith də etiraf edir ki, məxfilik problemi açıq şəkildə görünür. Çəkiliş zamanı yanan kiçik işıq gündüz vaxtı demək olar seçilmir və insanların çoxu qarşısındakı şəxsin adi eynək deyil, kamera taxdığını anlamır.

Tədqiqatçılar hesab edirlər ki, yaxın illərdə 100 milyona yaxın insan ağıllı eynək istifadə edə bilər. Bu baş verərsə, məhkəmə, muzey, xəstəxana, kinozal və tualet kimi çəkilişin qadağan olduğu məkanlarda qaydalara nəzarət etmək çox çətin olacaq.

ABŞ-də məxfilik hüququ üzrə çalışan hüquqşünas David Kessler bildirib:

“Bu texnologiyanın bizi aparacağı çox qaranlıq yerlər var. Mən texnologiyaya qarşı deyiləm, amma indi hər dəfə küçəyə çıxanda çəkildiyimi düşünməli olacağam?”

Məlumatlara görə, Meta gələcək modellərə üz tanıma texnologiyası da əlavə etməyi planlaşdırır. Bu isə istifadəçilərə təkcə gizli çəkiliş yox, həm də insanları dərhal tanımaq imkanı verə bilər.

Meta eynəklərini “Məxfilik üçün hazırlanıb, nəzarət səndədir” şüarı ilə reklam edir və istifadəçilərə həssas məkanlarda çəkiliş etməməyi tövsiyə edir. Amma reallıqda bu qaydalara çox vaxt əməl olunmur.

Hazırda eynəklərin ən məşhur istifadələrindən biri insanlara prank etmək və onların reaksiyasını gizlicə paylaşmaqdır.

Sosial media influenseri Aniessa Navarro şəxsi kosmetik prosedur zamanı ustasının Meta eynəyi taxdığını görəndə özünü narahat hiss etdiyini deyib. Usta isə eynəklərin sönülü olduğunu və onları sadəcə optik linzaya görə taxdığını bildirib.

Meta-nın texnologiya direktoru Andrew Bosworth isə insanların bu eynəkləri artıq “normal qəbul etdiyini” deyib.

Ancaq keçmiş Meta AI tədqiqatçısı, hazırda University of California, Berkeley-də çalışan David Harris hesab edir ki, bu texnologiya əvvəlki Google Glass kimi ciddi ictimai müqavimətlə üzləşəcək:

“Bu texnologiya mahiyyətcə məxfiliyə müdaxilədir və getdikcə daha böyük etirazlarla qarşılaşacaq.”

Belə reaksiyalar artıq görünməyə başlayıb. Dekabr ayında bir kişi New York City metrosunda qadını gizlicə çəkərkən eynəyinin sındırıldığını paylaşmışdı. Amma internetdə insanların böyük hissəsi həmin qadını “qəhrəman” adlandırdı.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version