Avstraliyalı tədqiqatçı Veronik Paris ağcaqanadların onu hər gün 250-500 dəfə sancmasına imkan verir.
Gundelik.az xəbər verir ki, onun hekayəsini “People” nəşri yayıb.
Paris bildirib ki, həmkarları ilə birlikdə ağcaqanadların təhlükəli xəstəlikləri necə yaydığını anlamağa çalışır. Bu iş canlı ağcaqanadlar üzərində təcrübələri əhatə etdiyindən laboratoriyada həşəratların bütöv koloniyalarına qulluq edilir.
Tədqiqatçının sözlərinə görə, o və həmkarları ağcaqanadların qidasına çevriliblər. Çünki bu, həşəratların yaşamasını təmin etməyin ən sadə və sürətli yoludur. Alimlər sadəcə əllərini həşəratların saxlanıldığı xüsusi otağa salır və koloniya doyuncaya qədər təxminən 15-20 dəqiqə gözləyirlər.
“Artıq buna öyrəşmişəm, ona görə də immun sistemim tez reaksiya verir. Bir saat sonra dəridə yalnız qırmızı nöqtələr qalır, təxminən dörd saat sonra isə izlər tamamilə yox olur”, – deyə Paris bildirib.
Qadının sözlərinə görə, alimlər yalnız sağlam ağcaqanadların onları sancmasına icazə verirlər. Laboratoriyada təhlükəli xəstəliklər daşıya bilən ağcaqanad koloniyaları da var. Həmin həşəratlar isə insanla təmas tələb etməyən xüsusi sistem vasitəsilə qidalandırılır.
Daha əvvəl ABŞ-nin Corciya Texnologiya İnstitutunun tələbəsinin elmi təcrübə naminə ac ağcaqanadların onu könüllü şəkildə sancmasına imkan verdiyi bildirilmişdi. Tədqiqatın məqsədi ağcaqanadların uçuş trayektoriyasını izləmək və onların qurbanlarını necə seçdiyini müəyyənləşdirmək olub.
Nuri
Gundelik.az
