İyul 8, 2026
Baku
Aktual Mədəniyyət və cəmiyyət Xəbərlər

Bəyaz möcüzə: Kefirin sağlamlıq sirləri

Kefir- südün fermentasiya olunması ilə hazırlanan, probiotiklərlə zəngin çox faydalı bir içkidir. Görünüş olaraq qatığa bənzəyir, amma bakteriya və maya növləri daha çox olduğuna görə sağlamlıq üçün çox dəyərlidir. Kefirin mənşəyi Qafqaz regionuna gedib çıxır və əsrlərdir ki, burada ənənəvi şəkildə hazırlanır.

Kefir həzm sistemini yaxşılaşdırır. Onun tərkibində çoxlu probiotiklər var. Bu faydalı bakteriyalar bağırsaq mikroflorasını balanslaşdırır və qəbizlik, köp kimi problemləri azaldır. İmmuniteti gücləndirir. Mütəmadi kefir içmək bədənin müdafiə sistemini gücləndirir və infeksiyalara qarşı müqaviməti artırır.

Sümük sağlamlığı üçün faydalıdır. Kefir kalsium və K2 vitamini ilə zəngindir. Bu maddələr sümüklərin möhkəm qalmasına kömək edir və osteoporoz riskini azaldır. Laktoza həssaslığı olanlara kömək edir. Fermentasiya zamanı laktozanın bir hissəsi parçalandığı üçün bəzi insanlar kefiri süddən daha rahat həzm edə bilir.

Ürək sağlamlığını dəstəkləyir. Kefir xolesterin səviyyəsinin balansına kömək edir və qan təzyiqini tənzimləməyə kömək edir. Zülal və vitamin mənbəyidir. Kefirin tərkibində B qrup vitaminləri, kalsium, fosfor, və zülal kimi vacib qidalar var.

Yaddaşı və diqqəti gücləndirir. Tərkibindəki yüksək vitamin və minerallar beyin hüceyrələrinin sağlamlığına kömək edir, diqqət və yaddaş funksiyalarını dəstəkləyir. Stress və depressiyanı azaldır. Kefir sinir sistemini sakitləşdirir. Depressiyanı azaltmağa kömək edən triptofan, maqnezium və kalsiumla zəngindir. Sakitləşdirici təsiri ilə yuxusuzluq problemlərinin aradan qaldırılmasına dəstək olur və yuxunu nizamlayır.

Güclü probiotik (faydalı bakteriya) qaynağı olduğu üçün sağlam bağırsaq florası yaradır. Bu, birbaşa beynin sağlam işləməsinə və emosional vəziyyətin yaxşılaşmasına təsir edir. Enerjini artırır, yorğunluq və halsızlığa yaxşı təsir edərək beyin yorğunluğunu azaldır.

Kefir arıqlama prosesinə də kömək edir. Birbaşa “arıqladan möcüzə” olmasa da, düzgün qidalanma ilə birlikdə istifadə edildikdə çəki nəzarətinə müsbət təsir göstərir.

Gündə 1 stəkan (200-250ml) içmək kifayət edir. Səhər acqarına və ya axşam yeməyindən sonra içmək yaxşı təsir göstərir. Diqqət edilməli məqamlar da var. İlk dəfə içənlər az miqdardan başlamalıdır. Həddindən artıq içmək bəzi insanlarda köp və ya yüngül həzm narahatlığı yarada bilər.

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az