Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın Azərbaycan Dəmir Yolları QSC (ADY) rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə əsasən aşağıdakı məsələlər müzakirə mövzusu olub :
– ADY-də son illərdə aparılan islahatlar, modernləşmə və gözləntilər
– ADY-də rəqəmsal transformasiya
– Dəmiryolu ilə sərnişindaşımada qiymətlər və xidmət səviyyəsi
– ADY-nin təhlükəsizlik siyasəti və s.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz fikirlərini bölüşüb.
O bildirib ki, qaldırdığı məsələlər əsasən Dəmiryolu ilə sərnişindaşımada qiymətlər və xidmət səviyyəsi, ADY-nin təbii inhisar subyekti olması baxımından hesabatlılığı və gözləntilər, rəqəmsal transformasiya və s. olub: “Ümid edirəm, görüş haqqında ADY geniş açıqlama verəcək. ADY son bir neçə ildə əsasən yükdaşımada, eyni zamanda sərnişindaşımada, xüsusilə də infrastrukturun modernləşməsi və transformasiyada xeyli işlər görüb. Güman ki, bu baxımdan görüşdə, gözlənildiyi kimi də ən çox müzakirə olunan və qarşılıqlı arqumentlərin səsləndirildiyi mövzu dəmiryolu ilə sərnişindaşımadakı qiymətlər mövzusu oldu”.
O. Gündüz vurğulayıb ki, son zamanlar bu mövzu ictimai əhəmiyyət kəsb edir və cəmiyyətdə ciddi müzakirə predmetidir: “Xatırladıram ki, hazırda ölkədaxili istiqamətlərdə standart(plaskart), standart+(kupe), biznes (SV) və Birinci klass üzrə sərnişindaşıma qiymətləri əvvəlki qiymətlərə nisbətən 3-4 dəfə bahalaşıb.
Qeyd etdiyim kimi bu məsələ ətrafında xeyli müzakirə getdi. Xüsusən də Bakı-Balakən qatarında doluluq səviyyəsinin aşağı olmasının məhz qiymətlərin yüksək olması ilə bağlı olduğu diqqətə çatdırıldı. Belə anladım ki , ADY bu istiqamətdə cəmiyyətdə gedən müzakirələrdən xəbərdardır. Və hələlik qiymətləri də endirmək istəmir. Məsələn, yerli vətəndaşlar üçün məcburi verilən yemək setinin ləğv edilməsi yolu ilə qiymətlərin endirilməsi təklifi də ADY rəhbərliyini heç cürə qane etmədi. ADY bilet alarkən yemək seçimini yerli vətəndaşların ixtiyarına buraxmaq istəmir.
Yerli vətəndaşlar da baxmayaraq ki, məcburi verilən yemək setinə də ödəniş ediblər, ondansa evdə daha keyfiyyətli səhər yeməyinə üstünlük verirlər”.
“İstənilən halda, düşünürəm ki, standart(plaskart), standart+(kupe), biznes (SV) üçün qiymətlər çox yüksəkdir və ümid edirəm ki ADY bunlara yenidən nəzər salacaq.
Bir maraqlı məqamı da diqqətə çatdırım: görüşdə o da məlum oldu ki, ADY rəsmiləri artıq dəmiryolu ilə sərnişindaşımanı ictimai nəqliyyat növü olaraq qəbul etmirlər. Onlar bunun qanunvericilikdə nəzərdə tutulduğunu qeyd edirlər. Fikrimcə bu məsələnin ayrıca müzakirəsinə ehtiyac var”, – O. Gündüz qeyd edib.
“Beləliklə, görüş çox maraqlı və faydalı oldu. Əlbəttə, elə məsələlər oldu ki, bu görüşdə həllini tapmadı və hərə öz fikrində qaldı. ADY-nin son bir neçə ildə atdığı addımlar, zaman-zaman bu tip görüşlər keçirməsi, hesabatlar təqdim etməsi, ictimai əhəmiyyət kəsb edən məsələlər ətrafında müzakirədən yayınmaması yetərincə təqdirəlayiqdir”, – deyə O. Gündüz əlavə edib.
Gundelik.az

