Bu ilin avqust-sentyabr aylarında mövcud bütün “Apple” smartfonlarının qiymətində eniş gözlənilir.
Gundelik.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
İkinci əl texnologiya şirkəti “Gadget GoGo”nun rəhbəri Sam Uilson bildirib ki, “Apple” cihazlarının təkrar bazarda qiymətləri yaxın vaxtlarda düşəcək. Onun sözlərinə görə, “iPhone” satmağı planlaşdıran istifadəçilər bunu dərhal həyata keçirməlidirlər.
Mütəxəssis qiymətlərin təxminən 30 faiz ucuzlaşacağını, bunun səbəbinin isə yeni modellərin təqdimatı olduğunu qeyd edib:
“Bazar köhnə “iPhone” modelləri ilə dolacaq və qiymətlər sürətlə aşağı düşəcək. Hətta bir neçə illik telefonunuz olsa belə, “Apple” yeni model təqdim edən kimi dəyəri azalır”.
Uilson əlavə edib ki, ən çox bahalı və yüksək səviyyəli cihazlar dəyər itkisinə məruz qalır. Məsələn, bəzi Pro və Pro Max modellərinin qiyməti bir neçə gün ərzində 300 funt-sterlinqə qədər azala bilər.
Məlumata görə, “Apple”ın “iPhone 17” seriyasını sentyabrın 9-da təqdim edəcəyi gözlənilir. Yeni modellər üçün ilkin sifarişlərin sentyabrın 12-də açılması, satışların isə sentyabrın 19-da başlanması ehtimal olunur.
Bundan əvvəl “Appleinsider” ekspertləri bildirmişdilər ki, şirkət “iPhone” qiymətlərindəki artımı həm istehlakçılardan, həm də ABŞ rəsmilərindən gizlətməyə çalışacaq. Belə ki, smartfonların ən bahalı versiyaları artırılmış yaddaş tutumu ilə təqdim ediləcək.
Gundelik.az

