İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

ABŞ qaçqın qəbulunu 7500 nəfərlə məhdudlaşdıracaq

ABŞ administrasiyası gələn il ölkəyə qəbul ediləcək qaçqınların sayını 7500 nəfərlə məhdudlaşdıracağını açıqlayıb.

Gundelik.az xəbər verir ki, Federal Reyestrdə dərc edilən qərara əsasən, bu kvotanın böyük hissəsi ağdərili Cənubi Afrikalılara ayrılacaq.

Sənəddə qeyd olunur ki, 2026-cı maliyyə ili üçün müəyyən edilən bu rəqəm, Bayden administrasiyasının ötən il təyin etdiyi 125 min nəfərlik limitdən xeyli azdır. Qərarın səbəbi izah edilməsə də, “humanitar qayğılar və milli maraqlara uyğun olaraq” qəbul edildiyi bildirilib.

Beynəlxalq Qaçqınlara Yardım Layihəsi (IRAP) qərarı tənqid edərək bəyan edib: “Bu addım administrasiyanın müdafiədən çox siyasətə üstünlük verdiyini göstərir. İllərlə təhlükəsizlik yoxlamalarından keçən minlərlə qaçqını kənarda saxlayıb Afrikanerlərə üstünlük vermək humanitar proqramın siyasiləşdirilməsidir”.

ABŞ-da yerləşən Global Refuge təşkilatının baş direktoru Kriş O’Mara Viqnaracah isə bildirib ki, “bu qərar yalnız qaçqın kvotasını deyil, həm də ölkənin mənəvi etibarını zədələyir”. Onun sözlərinə görə, “Əfqanıstan, Venesuela və Sudan kimi böhran yaşayan ölkələrdəki insanların əvəzinə vahid etnik qrupun üstün tutulması proqramın məqsədinə və nüfuzuna zərbə vurur”.

Amerikan Miqrasiya Şurasının humanitar məsələlər üzrə baş əməkdaşı Aaron Reyxlin-Melnik isə əlavə edib: “1980-ci ildən bəri iki milyondan çox insan etnik təmizləmə və təqiblərdən qaçaraq ABŞ-a sığınıb. İndi isə bu proqram ağdərili immiqrantlara üstünlük verən bir mexanizmə çevrilib. Bu, Amerikanın humanitar dəyərləri üçün böyük uğursuzluqdur”.

Xatırladaq ki, Tramp administrasiyası hakimiyyətdə olduğu dövrdə Cənubi Afrikaya maliyyə yardımını dayandırmış və bu ölkə hökumətini “ağdərili Afrikanerlərə qarşı irqi ayrı-seçkilikdə” ittiham etmişdi.

Rəsmi Vaşinqton Cənubi Afrikada ağdərililərə məxsus torpaqların hədəfə alındığını iddia edir. Pretoriya rəhbərliyi isə bu ittihamları rədd edərək, ölkədə ağlara qarşı sistematik zorakılıq və ayrı-seçkiliyin mövcud olmadığını vurğulayıb.

Hazırda Cənubi Afrikada kənd təsərrüfatı torpaqlarının təxminən 72 faizi ağdərililərə məxsusdur, halbuki onlar ölkə əhalisinin cəmi 7,3 faizini təşkil edir. Əhalinin 81,4 faizini təşkil edən qaradərili afrikalılar isə torpaq payının təxminən 4 faizinə sahibdirlər.

Tramp administrasiyası da oxşar siyasət yürüdərək, qaçqın qəbul kvotasını 2020-ci ildə 18 minə, 2021-ci maliyyə ili üçün isə 15 minə endirmişdi.

Gundelik.az