İyul 29, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-nin müttəfiqləri Hörmüzdə patrul xidmətindən imtina edirlər

ABŞ-nin avropalı müttəfiqləri Vaşinqton və Tehran arasında hərbi əməliyyatlar dayandırılana qədər Hörmüz boğazında birgə patrul xidmətində iştirakdan imtina edirlər.

Gundelik.az  xəbər verir ki, bu məlumatı “Politico” nəşri özəl mənbələrinə istinadən yayıb.

Məlumata görə, ABŞ-nin müdafiə naziri Pit Heqset Birləşmiş Krallıq və Fransanı dəniz koalisiyasına rəhbərlik etməyə razı salmağa çalışsa da, Avropa müttəfiqləri tərəfindən buna şübhə ilə yanaşılır.

Nəşrin məlumatına əsasən, ABŞ və Britaniya rəsmiləri Hörmüz boğazı bölgəsində təhlükəsizliyin qorunması məqsədilə mümkün müştərək addımları müzakirə etmək üçün Londonda konfrans keçirməyi planlaşdırırlar. Buna baxmayaraq, mənbələr hələlik bu istiqamətdə ciddi irəliləyişin gözlənilmədiyini vurğulayırlar.

Məqalədə qeyd olunur ki, ABŞ-nin uzunmüddətli müttəfiqləri Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl onlara xəbərdarlıq etməməsindən hələ də narazıdırlar. Üstəlik, adıçəkilən ölkələr Ağ Evin onlara tərəfdaş kimi yanaşmaması səbəbindən yeni təhlükəli missiyada iştirak etməyə ehtiyat edirlər.