Gundelik.az Dünya ABŞ-nin İran strategiyasındakı dəyişiklik Brent neftinin qiymətini 85 dollardan aşağı saldı
Dünya Xəbərlər

ABŞ-nin İran strategiyasındakı dəyişiklik Brent neftinin qiymətini 85 dollardan aşağı saldı

ABŞ-nin İrana qarşı hərbi hücumlar əvəzinə iqtisadi təzyiqə yönələcəyini açıqlaması və İranla Oman arasında Hörmüz boğazında dəniz daşımaları marşrutu ilə bağlı razılaşmanın əldə olunması neft qiymətlərinin 85 dollardan aşağı düşməsinə səbəb olub.

Dünən 91,29 dollara qədər yüksələn Brent markalı neftin bir barrelinin qiyməti günü 87,27 dollarla başa vurub. Brent neftinin noyabr fyuçerslərinin qiyməti bu gün saat 11:55-də əvvəlki bağlanışla müqayisədə 2,8 faiz azalaraq 84,86 dollar olub. Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin oktyabr fyuçerslərinin bir barreli 79,83 dollardan satılıb.

Qiymətlərin ucuzlaşmasına ABŞ-nin İrana qarşı yeni hərbi hücumlar həyata keçirməsi ehtimalının azalması və Hörmüz boğazından neft axınının artırıla biləcəyi ilə bağlı gözləntilər təsir edib.

ABŞ-nin “Axios” xəbər platformasına danışan rəsmilərin sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio müttəfiq ölkələrin xarici işlər nazirləri ilə son telefon danışıqları zamanı Donald Tramp administrasiyasının İranla bağlı yeni strategiyasını açıqlayıb. Bildirilir ki, Rubio ABŞ-nin İrana qarşı siyasətində hərbi hücumlar əvəzinə iqtisadi təzyiq və dəniz blokadasının ön plana çıxacağını deyib.

Rəsmilərdən biri bildirib ki, Rubio hazırda Vaşinqtonun İrana qarşı yeni hava hücumları həyata keçirməyi planlaşdırmadığını, bunun əvəzinə dəniz blokadası və ABŞ Maliyyə Nazirliyinin elan etdiyi yeni sanksiyalar vasitəsilə Tehran üzərində iqtisadi təzyiqi artırmağa diqqət yetirəcəyini söyləyib.

Bununla yanaşı, ABŞ-nin yeni hərbi əməliyyat planlaşdırmadığı, lakin ilk hücumun İrandan gələcəyi təqdirdə hərbi cavab variantının gündəmdə qalacağı qeyd olunub.

Qlobal ticarətdə artan gərginliyin dünya iqtisadiyyatının vəziyyəti və neftə olan tələbatla bağlı qeyri-müəyyənliyi artırması da qiymətlərə əlavə aşağı yönlü təzyiq göstərib.

Hörmüzdə müvəqqəti dəhliz razılaşması

İran və Oman arasında Hörmüz boğazında müvəqqəti ortaq dəhlizin istifadəyə verilməsi ilə bağlı razılaşma əldə olunması da neft qiymətlərinin enməsini dəstəkləyib.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Omanla əldə olunan razılaşmaya əsasən, Hörmüz boğazında yaradılan daşınma marşrutunun eni 7 mildir. O, cənub dəhlizinin bağlandığını açıqlayıb. Qəribabadi Omanla daimi marşrutun yaradılması üçün danışıqların davam etdiyini bildirib.

Qəribabadi, həmçinin Hörmüz boğazının hələ də bağlı olduğunu və İranın boğaz üzərində tam nəzarətə malik olduğunu iddia edib. O, gəmilərin boğazdan keçdiyi barədə məlumatların həqiqəti əks etdirmədiyini deyib.

İran rəsmisi ABŞ və digər ölkələrin Hörmüz boğazının yalnız İranın müəyyən etdiyi qaydalar çərçivəsində açılacağını bilməli olduğunu vurğulayıb. O, ABŞ-nin bölgəyə minaaxtaran gəmilər göndərmək planına da reaksiya verib.

Qəribabadi bildirib: “ABŞ-nin minaaxtaran gəmiləri bölgəyə daxil olarsa, bizim üçün hədəfə çevriləcək. Trampın minaların təmizlənməsi ilə bağlı açıqlamaları yalnız bazarları sakitləşdirməyə yönəlib.”

Hörmüz boğazından kommersiya daşımalarının artacağı ilə bağlı gözləntilər bölgədə neft tədarükü risklərinə görə yaranan risk əlavəsini azaldaraq qiymətlərə əlavə təzyiq göstərir. Lakin boğazın statusu ilə bağlı qeyri-müəyyənlik və bölgədə davam edən geosiyasi risklər neft qiymətlərinin daha da kəskin ucuzlaşmasının qarşısını alır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version