ABŞ-nin ümumi dövlət borcu 22 oktyabr tarixinə 38 trilyon dolları keçərək yeni rekord həddə çatıb.
Gundelik.az xəbər verir ki, Xəzinədarlıq Departamentinin məlumatına görə, son 82 gün ərzində ölkənin borcu daha 1 trilyon dollar artıb.
Maliyyə siyasəti üzrə ixtisaslaşmış Peter G. Peterson Fondunun hesablamalarına əsasən, bu məbləğ ABŞ-da hər bir vətəndaşın payına təxminən 111 min dollar borc düşdüyünü göstərir. Fond qeyd edir ki, ABŞ-ın ümumi borcu artıq Çin, Hindistan, Yaponiya, Almaniya və Böyük Britaniya iqtisadiyyatlarının ümumi dəyərinə bərabərdir.
Nümayəndələr Palatasının Büdcə Komitəsinin sədri Codey Arrinqton milli borcu “Amerikanın növbəti böyük müharibəsi” adlandırıb. Onun sözlərinə görə, bu borcun həcmi Avropa İttifaqının ümumi iqtisadi istehsalından iki dəfə, Böyük Britaniyanın illik büdcəsindən isə 20 dəfə çoxdur. “Hazırda hər bir gənc amerikalının üzərinə 500 min dollarlıq borc düşür. Bu, uşaqlarımızın gələcəyini və Amerikanın qlobal liderliyini təhdid edir”, – deyə Arrinqton bildirib.
Borc 2047-ci ilə qədər ÜDM-in 200 faizinə çata bilər
ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) proqnozuna əsasən, dövlət borcu 2047-ci ilə qədər ÜDM-in 200 faizinə çata bilər. Analitiklər borcun artım sürətinin yüksək olduğunu, yaxın aylarda ümumi məbləğin 39 trilyon dollara çatacağını bildirirlər.
Kredit reytinqi endirilib
“Moody’s” agentliyi bu il ABŞ-nin kredit reytinqini AAA-dan AA1-ə endirib. Agentlik bu qərarı illik büdcə kəsirlərinin çoxalması və borc yükünün artması ilə əsaslandırıb.
Sentyabr ayına olan məlumata görə, ABŞ hökuməti borcun faiz ödənişlərinə 1,21 trilyon dollar xərcləyib. Bu, 2025-ci maliyyə ili üzrə federal xərclərin 17 faizini təşkil edir. Ödəniş faiz dərəcəsi 2021-ci ildəki 1,61 faizdən hazırda 3,36 faizə yüksəlib.
Ekspertlər qeyd edirlər ki, borcun artması mənzil və avtomobil kreditlərinin bahalaşması, inflyasiyanın yüksəlməsi və sosial proqramlarda ixtisar riski yaradır.
Borcun səbəbləri
Mütəxəssislər dövlət borcunun artmasını bir sıra amillərlə əlaqələndirirlər:
-
2001-ci il 11 sentyabr terror hücumlarından sonra müdafiə xərclərinin artması,
-
2008-ci il maliyyə böhranı,
-
COVID-19 pandemiyası dövründə qəbul edilən yardım paketləri,
-
uzunmüddətli büdcə islahatlarının ləngiməsi.
Trampdan “Qızıl Kart” təklifi
ABŞ Prezidenti Donald Tramp artan borcun azaldılması üçün qeyri-ənənəvi təklif irəli sürüb. O, varlı mühacirlərə “Qızıl Kart” vizalarının satılmasını təklif edib. “Əgər 1 milyon Qızıl Kart vizası versək, bu, 5 trilyon dollar gəlir deməkdir. 10 milyon satsaq, 50 trilyon dollar əldə edərik. Bizim 35 trilyon borcumuz var – bu, gözəl nəticə olardı”, – Tramp deyib.
Tarixi məlumatlara görə, ABŞ-ın dövlət borcu:
-
1982-ci ildə 1 trilyon dolları,
-
2008-ci ildə 10 trilyon dolları,
-
2022-ci ildə 30 trilyon dolları,
-
2024-cü ilin yanvarında 34 trilyon,
-
iyulda 35 trilyon,
-
noyabrda isə 36 trilyon dolları keçib.
Proqnozlara əsasən, ABŞ-ın dövlət borcu 2027-ci ilə qədər 40 trilyon dolları aşacaq.
Gundelik.az
