ABŞ Maliyyə Nazirliyi İranın kölgə bankçılıq şəbəkəsini idarə etdiyi və sanksiyaların pozulması ilə əlaqəli olduğu iddia edilən 35 şəxs və qurumu sanksiya siyahısına əlavə edib.
ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) “İqtisadi Qəzəb” çərçivəsində İranın kölgə bank şəbəkələrini idarə edən və sanksiyaların pozulmasına, eləcə də İranın terrorizmi dəstəkləməsinə bağlı olduğu iddia edilən on milyardlarla dollar dəyərində maliyyə axınlarını asanlaşdıran 35 şəxs və təşkilatı hədəfə alıb.
Açıqlamada qeyd olunur ki, bu şəbəkələr İran Silahlı Qüvvələrinə, o cümlədən İnqilab Keşikçiləri Korpusuna, qanunsuz neft satışlarından əldə edilən vəsaitləri toplamaq, raket və digər silah sistemləri üçün lazım olan həssas komponentləri almaq və İranın terrorla əlaqəli qruplara pul köçürmək üçün beynəlxalq maliyyə sisteminə çıxış imkanı yaradır.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, bu addım İranın qlobal maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq, neft gəlirlərini azaltmaq və sanksiya pozuntularının maliyyətini artırmaq məqsədi daşıyır.
Açıqlamada həmçinin iddia edilir ki, İran beynəlxalq maliyyə sistemindən kənarlaşdırıldığı üçün xarici ticarət ödənişlərini həyata keçirmək məqsədilə minlərlə “paravan şirkət”dən istifadə edir və bu şəbəkələr “rahbar” adlanan xüsusi vasitəçi şirkətlər tərəfindən idarə olunur.
Bundan əlavə, ABŞ tərəfi İranla əlaqəli maliyyə əməliyyatlarının, xüsusilə Hürmüz Boğazı üçün ödənişlərin həyata keçirilməsinin ciddi sanksiya riski daşıdığı barədə maliyyə qurumlarına xəbərdarlıq edib.
ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, İranın kölgə bank sistemi ölkənin hərbi strukturları üçün mühüm maliyyə mənbəyidir və qlobal ticarəti pozan, Yaxın Şərqdə gərginliyi artıran fəaliyyətləri maliyyələşdirir. O, maliyyə qurumlarını bu şəbəkələrlə əməkdaşlığın ciddi nəticələr doğura biləcəyi barədə xəbərdar edib.
Ayrı bir açıqlamada isə ABŞ Maliyyə Nazirliyi İran neft ixracının təxminən 90%-nin Çinə getdiyini, bunun böyük hissəsinin isə müstəqil Çin neft emalı zavodları tərəfindən alındığını bildirib.
Açıqlamada qeyd olunur ki, bu gəlirlər İranın silah proqramlarını və hərbi fəaliyyətlərini maliyyələşdirir. Həmçinin bəzi Çin emal müəssisələrinin ABŞ maliyyə sistemindən istifadə edərək dollarla əməliyyat apardığı və ABŞ mallarını əldə etdiyi iddia edilir.
ABŞ tərəfi xüsusilə Çinin Şandunq əyalətində yerləşən müstəqil neft emalı zavodları ilə əlaqəli əməliyyatların ciddi sanksiya riski daşıdığı barədə xəbərdarlıq edib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
