ABŞ Prezidenti Donald Trampın İranla bağlı blokadanın davam edəcəyini vurğulayaraq “iqtisadi vəziyyəti yox, nüvə silahsızlanmasını prioritet edirik” deməsi və Pentaqonun yeni hərbi əməliyyat planı ilə bağlı iddialar Vaşinqton–Tehran xəttində diplomatik həll ümidlərini zəiflədib.
Tramp Çin səfəri öncəsi verdiyi açıqlamalarda İran üzərində təzyiqlərin artaraq davam edəcəyini bildirib və əsas prioritetinin ABŞ vətəndaşlarının iqtisadi vəziyyəti deyil, İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu deyib.
“Maliyyə yox, təhlükəsizlik önəmlidir”
Tramp jurnalistlərin suallarını cavablandırarkən ABŞ iqtisadiyyatındakı vəziyyətin İranla anlaşmaya təsir edib-etmədiyi barədə suala qısa cavab verib. O bildirib ki, onu motivasiya edən əsas məsələ İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və sanksiyalar davam edəcək.
İnflyasiya açıqlaması
ABŞ-də son 30 ilin ən yüksək inflyasiya göstəriciləri və yanacaq qiymətlərinin artması fonunda Tramp öz siyasətini müdafiə edib və əvvəlki dövrlə müqayisə apararaq iqtisadi siyasətin “effektiv işlədiyini” deyib.
Çin səfəri və Hörmüz mesajı
Tramp Çin lideri Si Cinpin ilə görüşdə İran mövzusunun da müzakirə oluna biləcəyini bildirib, lakin əsas gündəmin daha böyük məsələlər olduğunu qeyd edib. O həmçinin Hörmüz boğazı ilə bağlı enerji axınının gələcəkdə daha da güclənəcəyini deyərək bölgədə ABŞ-nin təsirinin davam edəcəyinə işarə edib.
Pentaqondan “Balyoz” planı iddiası
ABŞ mediasında yayılan məlumatlara görə, Pentaqon mümkün atəşkəs pozuntusu halında İrana qarşı yeni hərbi əməliyyat planı hazırlayır. “Balyoz” adlı bu planın hüquqi prosedurlarla bağlı müddət məhdudiyyətlərini aşmaq üçün ad dəyişiklikləri ilə yeni mərhələ kimi təqdim oluna biləcəyi iddia edilir. Lakin hüquqşünaslar yalnız ad dəyişikliyi ilə yeni əməliyyat başlanmasının mümkün olmadığını bildirirlər.
Bu gərginliyin ABŞ daxili siyasətinə və beynəlxalq münasibətlərə, xüsusilə də qarşıdan gələn seçkilər ərəfəsində daha çox təsir göstərəcəyi gözlənilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
