Gundelik.az Dünya ABŞ-ın “təhlükəsizlik çətiri” qoruya bilmədi: Körfəz ölkələri Türkiyənin qapısını döyəcək
Dünya Xəbərlər

ABŞ-ın “təhlükəsizlik çətiri” qoruya bilmədi: Körfəz ölkələri Türkiyənin qapısını döyəcək

ABŞ-ın təhlükəsizlik çətirinə sığınan və bunun üçün yüz milyardlarla dollar xərcləyən Körfəz ölkələri İranla bağlı müharibədə acı reallıqla üzləşdi. Onların əlində olan müasir sistemlər nə raketləri, nə də pilotsuz uçuş aparatlarını (PUA/İHA) tam şəkildə qarşısını ala bildi. Ekspertlərin fikrincə, yeni mərhələdə bölgə ölkələri Türkiyənin müdafiə sənayesi məhsullarına yönələcək.

ABŞ və İsrailin İrana hücumları və Tehranın buna cavabı Körfəz ölkələri üzərindən verməsi regionda yeni bir dövrün başlanğıcını qoydu. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər başda olmaqla, bölgə ölkələrinin “hər hansı təhlükə olarsa, ABŞ-dan aldığımız sistemlər bizi qoruyar” düşüncəsi puça çıxdı.

Sadalanan ölkələr və bölgədəki digər mərkəzlər İranın göndərdiyi raketləri və kamikadze PUA-ları tam şəkildə dayandıra bilmədi. Səudiyyə Ərəbistanının ən həssas nöqtələrindən olan neft obyektləri vuruldu. İmajı üçün trilyonlarla dollar xərclənən Dubayda tüstülər yüksəldi. Qətərin əsas qaz istehsal mərkəzi hədəf alındı.

Belə nümunələri artırmaq olar. Məhz bu məqamda milyardlarla dollarlıq bir sual yenidən gündəmə gəldi: ABŞ tərəfindən qoruna bilməyən Körfəz ölkələri yenidən qurulma prosesində müdafiə üçün hansı strategiyanı seçəcək?

“Müdafiə sənayesi də siyasi böhranlardan təsirlənmişdi”

Müdafiə sənayesi üzrə mütəxəssis Yusuf Akbaba bildirir ki, bu günə gəlməzdən əvvəl keçmişə qısa nəzər salmaq lazımdır. Onun sözlərinə görə, BƏƏ və Səudiyyə Ərəbistanı ilə yaşanan siyasi gərginliklər müdafiə sənayesi sahəsində əməkdaşlığın da dayanmasına səbəb olmuşdu.

Qətərlə münasibətlər yaxın olsa da, müdafiə məhsullarının alınması istənilən səviyyəyə çatmamışdı. Eyni vəziyyət Bəhreyn və Oman üçün də keçərlidir — bu ölkələrdə Türkiyənin müdafiə sənayesi məhsullarının tədarükü məhdud qalıb.

“Körfəz ölkələri Türkiyəyə ehtiyatla yanaşırdı”

Akbaba qeyd edir ki, Körfəz ölkələrinin Türkiyəyə qarşı müəyyən ehtiyatlı mövqeyi var idi. Onlar ABŞ-dan ala bilmədikləri sistemləri Çin, Cənubi Koreya və Avropa ölkələri vasitəsilə həll etməyə çalışırdılar. Bəzi sahələrdə isə Pakistan ön plana çıxırdı.

Onun sözlərinə görə, yaxın keçmişdə bəzi Körfəz ölkələrində “Türkiyədən alacağımız məhsullar Türk müdafiə sənayesini və iqtisadiyyatını daha da gücləndirər” kimi yanaşma mövcud idi. Lakin İran–İsrail–ABŞ arasında baş verən hadisələr və bunun öz ölkələrinə təsirini gördükdən sonra onlar məcburən Türkiyəyə yönəlməyə başlayıblar.

“Türkiyəyə böyük tələbat var”

Mövcud münaqişə şəraitində yaranan təcili ehtiyaclar səbəbindən Körfəz ölkələrindən Türkiyəyə çoxsaylı sifarişlərin gəldiyini bildirən Akbaba əlavə edir ki, Türkiyə müdafiə sənayesi məhsulları artıq özünü real döyüş şəraitində sübut edib və yüksək imkanlara malikdir.

O həmçinin qeyd edir ki, alternativ ölkələr də var, lakin onların da problemləri mövcuddur. Məsələn, Cənubi Koreyanın həm öz ehtiyacları böyükdür, həm də mövcud müqavilələri çoxdur. Çin isə bəzi sistemlərdə gözləntiləri doğrultmayıb — məsələn, lazer silahları və bəzi PUA-lar sahədə zəif nəticə göstərib.

Nəticə etibarilə, xüsusilə hava müdafiə sistemləri və raket texnologiyaları sahəsində sürətlə inkişaf edən Türkiyə bu boşluğu doldura biləcək əsas namizədlərdən biri kimi önə çıxır. Buna görə də bəzi Körfəz ölkələri istəməsələr belə, sonda Türkiyədən müdafiə məhsulları almağa məcbur qala bilərlər.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version