Amerika fond bazarları bazar ertəsi ticarət sessiyasını artımla başa vuraraq yeni rekord həddə çatıb. Artım Çin və ABŞ arasında mümkün ticarət razılaşması, eləcə də Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaldacağı gözləntiləri fonunda müşahidə olunub.
ABŞ Maliyyə Naziri Skott Bessent bazar günü açıqlamasında bildirib ki, Vaşinqton və Pekin ticarət razılaşmasının əsas şərtləri üzrə razılığa gəliblər. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında cümə axşamı planlaşdırılan görüş üçün “çərçivə sazişi” hazırlanıb.
Razılaşma əldə olunacağı təqdirdə, ABŞ Çindən idxal olunan mallara əlavə tariflər tətbiq etməyəcək, Çin isə nadir torpaq metallarının ixracına nəzarət mexanizmini təxirə salacaq.
FED-in iki günlük iclası çərşənbə axşamı başlanacaq. Qurumun uçot dərəcəsi ilə bağlı qərar sessiyanın sonunda açıqlanacaq. Keçən cümə günü dərc olunan məlumatlar ABŞ-da sentyabr ayında inflyasiyanın gözləniləndən daha zəif artdığını göstərib. Bu isə investorların FED-in ilin qalan iki iclasında da faiz dərəcələrini endirəcəyinə inamını artırıb. “FedWatch” məlumatına görə, bazarlar oktyabr iclasında uçot dərəcəsinin azaldılması ehtimalını 97,8% qiymətləndirir.
Bu həftə investorlar həm də “möhtəşəm yeddi” texnologiya şirkətinin — Microsoft, Apple, Alphabet, Amazon və Meta — maliyyə hesabatlarını gözləyirlər.
Bazar ertəsi ticarətində texnologiya nəhənglərinin səhmləri bahalaşıb: Amazon – 1,2%, Alphabet – 3,6%, Apple – 2,3%, Microsoft – 1,5%, Meta – 1,7%. Tesla 4,3%, Nvidia isə 2,8% dəyər qazanıb.
İsveçrənin Novartis AG şirkətinin Avidity Biosciences Inc-i 12 milyard dollara almaq niyyəti barədə xəbərlərdən sonra sonuncunun bazar kapitallaşması 42,4% artıb.
Qualcomm Inc. yeni AI200 süni intellekt çipini təqdim etdikdən sonra səhmlərinin dəyəri 11,1% yüksəlib və S&P 500 indeksində günün ən çox qazanan şirkəti olub.
Alkoqolsuz içkilər istehsalçısı Keurig Dr Pepper 7,6% bahalaşıb. Şirkət güclü maliyyə nəticələri açıqlayıb və JDE Peet’s NV-ni almaq üçün 7 milyard dollar vəsait toplayacağını bildirib.
Britaniyanın Janus Henderson Group şirkətinin ABŞ-da ticarət olunan səhmləri 11,3% artıb. Səbəb kimi Trian Fund Management və General Catalyst tərəfindən 7,18 milyard dollarlıq satınalma təklifi göstərilib.
Uşaq geyimləri istehsalçısı Carter’s Inc. zəif rüblük nəticələrə baxmayaraq 2% bahalaşıb. Şirkət xərcləri azaltmaq məqsədilə işçi qüvvəsinin 15%-ni ixtisar etməyi və ABŞ-da 150 mağazanı bağlamağı planlaşdırır.
Kanadalı Lululemon Athletica şirkətinin səhmləri 1,8% yüksəlib. Şirkət NFL ilə əməkdaşlıq edərək liqanın komandalarını əks etdirən yeni məhsul xəttini istifadəyə verəcək.
Huntington Bancshares Inc. bankının səhmləri Cadence Bank-ı 7,4 milyard dollara almaq niyyəti ilə bağlı xəbərlərdən sonra 2,7% artıb. Cadence Bank səhmləri isə 4,4% bahalaşıb.
Çin şirkətlərinin ABŞ bazarında ticarət olunan səhmləri də dəyər qazanıb: Alibaba Group – 2,7%, JD.com – 3%, Baidu Inc. – 4,8%.
Eyni zamanda, ABŞ-da nadir torpaq metallarının istehsalçıları itkilərlə üzləşiblər: MP Materials 7,4%, Rare Earth USA isə 8,4% ucuzlaşıb.
Ticarət sessiyasının sonunda əsas indekslər aşağıdakı kimi formalaşıb:
-
Dow Jones Industrial Average – 0,71% artaraq 47 544,59 bənd,
-
S&P 500 – 1,23% artaraq 6 875,16 bənd,
-
Nasdaq Composite – 1,86% yüksələrək 23 637,46 bənd.
Gundelik.az
