Gundelik.az Dünya ABŞ-da güclü qış fırtınası: yüz minlərlə insan işıqsız qalıb
Dünya Xəbərlər

ABŞ-da güclü qış fırtınası: yüz minlərlə insan işıqsız qalıb

Təhlükəli qış fırtınası ABŞ-ı bürüyərək azı üç nəfərin ölümünə səbəb olub və yüz minlərlə evdə elektrik enerjisini kəsib.
Milli Meteorologiya Xidmətinin (NWS) məlumatına görə, Texasdan Yeni İngiltərəyədək uzanan “həyat üçün təhlükəli” şərait səbəbilə ölkə üzrə məktəblər və yollar bağlanıb, uçuşlar ləğv edilib.
Luizianada azı iki nəfər hipotermiyadan (bədənin həddindən artıq soyuması) dünyasını dəyişib və ştatın səhiyyə rəsmiləri bu ölümləri birbaşa fırtına ilə əlaqələndiriblər. Texasda isə daha bir ölüm faktı qeydə alınıb.
Bazar günü günortaya olan məlumata görə, poweroutage.us saytının bildirdiyinə əsasən təxminən 900 min ev təsərrüfatı elektriksiz qalıb. FlightAware isə 10 mindən çox uçuşun ləğv edildiyini açıqlayıb.
Geniş ərazilərdə güclü qar, sulu qar və donan yağış müşahidə olunur. Donan yağış – yağış damcılarının səthə düşən kimi dərhal donması ilə xarakterizə olunan təhlükəli bir hadisədir. Bu şəraitin günlərlə davam edəcəyi və təxminən 180 milyon amerikalını, yəni ölkə əhalisinin yarıdan çoxunu təsir altına alacağı bildirilir.
Milli Meteorologiya Xidmətinin meteoroloqu Allison Santorelli BBC-nin ABŞ-dakı media tərəfdaşı CBS News-a deyib:
“Qar və buz çox, çox yavaş əriyəcək və yaxın vaxtlarda yox olmayacaq. Bu da bərpa işlərinə ciddi maneə törədəcək.”
Luiziana Səhiyyə Departamenti bazar günü iki kişinin hipotermiyadan öldüyünü təsdiqləyib.
Texas ştatının Ostin şəhərinin meri isə “soyuğa məruz qalma ilə əlaqəli” bir ölüm hadisəsinin baş verdiyini bildirib.
Nyu-York meri Zohran Mamdani X platformasında yazıb ki, şənbə günü şəhərdə azı beş nəfər ölüb, lakin onların ölüm səbəbləri hələ müəyyən edilməyib. O əlavə edib:
“Bu, hər il Nyu-Yorkluların soyuqdan həyatını itirdiyini xatırladır.”
Nyu-York ştatının qubernatoru Keti Hoçul sakinləri evdə qalmağa və yollardan uzaq durmağa çağırıb.
“Bu, illərdir gördüyümüz ən soyuq hava, ən soyuq qış fırtınasıdır,” — deyə o bazar günü bildirib.
“Bir növ arktik mühasirə ştatımızı və ölkənin bir çox digər ştatlarını ələ alıb.”
Hoçul qeyd edib ki, bu “amansız” şərait son illərin ən uzun soyuq dövrünü və ən yüksək qar yağışını gətirə bilər.
“Bu, iliklərə işləyən soyuqdur və təhlükəlidir,” — deyə o vurğulayıb.
Kentuki qubernatoru Endi Beşir bazar günü bildirib ki, ştatda əvvəl proqnozlaşdırıldığından daha çox buzlanma, daha az qar müşahidə olunur.
“Bu, Kentuki üçün yaxşı xəbər deyil,” — deyə o bildirib.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, fırtınanın ən böyük təhlükələrindən biri buzlanmadır. Buz ağaclara zərər verə, elektrik xətlərini qıra və yolları son dərəcə təhlükəli hala sala bilər.
Yerlı mediaya görə, fırtına Virciniya ştatına daxil olduqdan sonra 200-dən çox avtomobil qəzası qeydə alınıb. Təxminən ştatların yarısı fövqəladə vəziyyət elan edib, məktəblər isə bazar ertəsi də fırtınanın davam edəcəyi gözlənildiyi üçün dərsləri ləğv edir. ABŞ Senatı da bazar ertəsi axşamına planlaşdırılan səsverməni təxirə salıb.
Paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edən meri Muriel Bouzer deyib:
“Bu həftəsonu DC-də son on ilin ən böyük qar fırtınasını yaşayırıq.”
Dakota ştatları və Minnesota kimi şimal bölgələri qışda sıfırdan aşağı temperatura öyrəşkən olsa da, Texas, Luiziana və Tennessi kimi ştatlarda bu qədər kəskin soyuq nadir haldır. Bu ərazilərdə temperatur mövsümi normadan 15–20 dərəcə Selsi aşağıdır.
Bu ştatlarda donan yağış səbəbilə təxminən 2,5 sm (1 düym) qalınlığında buz təbəqəsi də yarana bilər.
Meteoroloqlara görə, güclü fırtınaya səbəb olan əsas amil qütb burulğanıdır (polar vortex). Bu, hər qış Arktika üzərində formalaşan və çox soyuq havanı saxlayan güclü qərb küləkləri halqasıdır.
Küləklər güclü olduqda burulğan yerində qalır. Lakin zəiflədikdə daha cənuba doğru hərəkət edir və soyuq hava ABŞ üzərinə axır. Soyuq hava cənubdakı mülayim hava ilə toqquşduqda isə hava qalxır və fırtına cəbhələri yaranır.
Bu dəfə qış fırtınası şimala və şərqə doğru irəliləyərək çərşənbə axşamadək Kanadanın dəniz sahillərini tərk edəcək, lakin arxasında daha çox soyuq hava buraxacaq. Proqnozlara görə, təhlükəli soyuqlar fevralın əvvəlinədək davam edəcək.
Bəzi mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliyi — xüsusilə okean səthlərinin istiləşməsi — qütb burulğanının davranışına təsir göstərə bilər.
Mənbə BBC
Hazırladı Ziyalə Əhmədli
Gundelik.az
Exit mobile version