ABŞ-də süni intellekt əsas gətirilərək işdən çıxarılanların sayı may ayına olan məlumata görə 87 min 714 nəfərə çataraq rekord səviyyəyə yüksəlib. Süni intellekt ardıcıl üç ay ölkədə məşğulluq itkilərinin əsas səbəbi kimi qeydə alınıb. Texnologiya sektorunda işdən çıxarılanların ümumi sayı isə ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə 66 faiz artaraq 123 min 653 nəfər olub.
Məşğulluq göstəricilərinin açıqlanmasından beş gün sonra süni intellekt texnologiyalarını inkişaf etdirən aparıcı şirkətlər işini itirən əməkdaşların yenidən hazırlanması məqsədilə 1 milyard dollarlıq fond yaratdıqlarını elan ediblər.
Süni intellekt şirkətlərindən 1 milyard dollarlıq fond
ABŞ-ın keçmiş ticarət naziri Gina Raimondo və Eric Holcombin rəhbərliyi ilə iyunun 25-də RAISE US adlı qeyri-kommersiya təşkilatı yaradılıb.
Amazon, Anthropic, Microsoft və OpenAI tərəfindən dəstəklənən platforma 1 milyard dollarlıq hədəfin yarısından çoxunu – 500 milyon dollardan artıq vəsaiti artıq təmin edib.
Təşkilat Arkansas, Connecticut, Maryland və Utah ştatlarında pilot proqramlara başlayıb. Proqramların uğuru təlim saatları və ya iştirakçı sayı ilə deyil, iştirakçıların işə qəbul olunması və həmin iş yerlərini qoruyub saxlaması ilə qiymətləndiriləcək.
Anthropic hesabatındakı ziddiyyət
Anthropic şirkətinin iyun ayında dərc etdiyi İqtisadi İndeks hesabatı isə əmək bazarındakı dəyişikliklərlə bağlı fərqli mənzərə ortaya qoyub.
Təxminən 9 min 700 aktiv Claude istifadəçisi arasında keçirilən sorğuya əsasən, iştirakçıların 35 faizdən çoxu yaxın 12 ay ərzində iş tapşırıqlarının böyük hissəsinin süni intellekt tərəfindən yerinə yetiriləcəyini gözlədiyini bildirib. Sorğuda iştirak edənlərin təxminən yarısı isə hazırda iş yükünün ən azı 50 faizini artıq süni intellektə həvalə etdiyini qeyd edib.
Hesabatda bildirilir ki, süni intellektdən ən fəal istifadə edən əməkdaşlar karyera gələcəyi ilə bağlı ən nikbin qrupdur. Lakin mütəxəssislər vurğulayırlar ki, bu sorğu yalnız süni intellekti iş prosesinə inteqrasiya edə bilən aktiv istifadəçiləri əhatə edir. Buna görə də texnologiya səbəbindən işini itirən və xüsusilə giriş səviyyəli vəzifələrdə çalışan şəxslərin vəziyyətini tam əks etdirmir.
Tarixi təcrübə nikbinliyə əsas vermir
RAISE US-un məsləhət şurasının üzvü, David Autor bildirib ki, keçmişdə Çinlə ticarət rəqabəti dövründə yaşanan məşğulluq böhranı göstərib ki, “yeni iş tapmaq” çağırışı təkbaşına effektiv siyasət deyil.
Brookings Institution tərəfindən yayımlanan son təhlillər də göstərir ki, ABŞ-də son 60 il ərzində həyata keçirilən federal peşə hazırlığı proqramları iştirakçıların məşğulluq səviyyəsi və gəlirləri üzərində statistik baxımdan əhəmiyyətli təsir göstərməyib.
RAISE US təşəbbüsünün bu uğursuz təcrübəni dəyişdirə bilib-bilməyəcəyi ştatlarda həyata keçirilən pilot proqramların nəticələrindən sonra məlum olacaq.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

