ABŞ federal hökuməti Konqres yeni maliyyə ili başlamazdan əvvəl müvəqqəti büdcə qanun layihəsini qəbul edə bilmədiyi üçün fəaliyyətini dayandırıb.
Gundelik.az xəbər verir ki, bu, 2019-cu ildən bəri ilk “hökumət bağlanması”dır.
Ölkədə çərşənbə axşamı gecə yarısına qədər yeni büdcə ilə bağlı razılıq əldə olunmadığı üçün federal agentliklər maliyyələşdirməsiz qalıb. Senat həm Demokratların, həm də Respublikaçıların təqdim etdiyi müvəqqəti büdcə təkliflərini rədd edib.
Demokratların dəstəklədiyi layihə hökumətin maliyyələşdirilməsi ilə yanaşı, təxminən 1 trilyon dollarlıq səhiyyə xərclərini ehtiva edirdi. Respublikaçıların təklifi isə cari xərclər səviyyəsində müvəqqəti maliyyələşdirməni nəzərdə tuturdu. Hər iki layihə kifayət qədər səs toplaya bilməyib.
Nümayəndələr Palatası sentyabrın 19-da hökumətin fəaliyyətini noyabrın 21-dək maliyyələşdirməyi nəzərdə tutan layihəni qəbul etsə də, Senat onu təsdiqləməyib. Demokratlar tibbi sığorta subsidiyalarının uzadılması və Medicaid kəsintilərinin aradan qaldırılmasını tələb etdikləri üçün respublikaçıların variantını dəstəkləməkdən imtina ediblər.
Prezident Donald Tramp açıqlamasında hökumətin bağlanmasının labüd olduğunu və bunun nəticəsində minlərlə işçinin işsiz qala biləcəyini bildirib. Konqresin Büdcə Ofisinin hesablamalarına görə, bağlanma təqribən 750 min dövlət işçisini təsirləndirə bilər.
ABŞ qanunlarına əsasən, Konqres yeni maliyyə ili (1 oktyabr – 30 sentyabr) üçün büdcəni qəbul etmədikdə, hökumət yalnız müvəqqəti büdcələrlə fəaliyyətini davam etdirə bilir. Əks halda, əsas xidmətlər (ordu, kəşfiyyat, səhiyyə, hava limanları və həbsxanalar) istisna olmaqla, bütün digər fəaliyyətlər dayandırılır. Qeyri-vacib dövlət qulluqçuları isə ödənişsiz məzuniyyətə göndərilir.
Sonuncu dəfə hökumət Trampın prezidentliyinin ilk dövründə – 2018-ci ilin dekabrında Meksika divarının maliyyələşdirilməsi ilə bağlı mübahisə nəticəsində 35 gün müddətinə bağlanmışdı. Bu, ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanması olmuşdu.
Gundelik.az
