İyul 24, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

ABŞ-də Cyclospora həyəcanı: 561 nəfər xəstələndi, cəfəri də araşdırılır

ABŞ-ın Şimali Karolina ştatında Cyclospora parazitinin səbəb olduğu yoluxma halları narahatlıq yaradıb. İndiyədək 561 nəfərin yoluxduğu bildirilir. Səhiyyə rəsmiləri xəstələrin qida vərdişlərini araşdırarkən, cəfəri, keşniş və kahının ortaq istehlak edilən məhsullar arasında olduğunu açıqlayıblar. Bununla belə, bu məhsulların yoluxmanın qəti mənbəyi olduğu hələ təsdiqlənməyib.

Araşdırmalara görə, bu il qeydə alınan yoluxma sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artıb. Mütəxəssislər infeksiyanın digər bölgələrə yayılma ehtimalını da izləyirlər.

Təkcə cəfəri yox, digər göyərtilər də araşdırılır

Səhiyyə qurumlarının apardığı araşdırmalar zamanı xəstələrin əhəmiyyətli hissəsinin cəfəri və keşniş, eləcə də kahı istehlak etdiyi müəyyən edilib. Bu səbəbdən araşdırmalar yalnız cəfəri ilə məhdudlaşmır və digər çiy yeyilən göyərtiləri də əhatə edir.

Bildirilir ki, cəfəri və keşniş bu il ABŞ-də qeydə alınan minlərlə Cyclospora yoluxması ilə əlaqələndirilən ilk məhsullar sırasındadır. Lakin onların yoluxmanın əsas mənbəyi olub-olmadığı hələ dəqiqləşdirilməyib.

FDA altı ayrı epidemiyanı araşdırır

ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) yay mövsümünün əvvəlindən bəri Cyclospora ilə bağlı altı ayrı yoluxma hadisəsini araşdırır. Digər beş hadisənin hansı məhsullarla əlaqəli olduğu və hansı bölgələrdə baş verdiyi isə hələ açıqlanmayıb.

Mütəxəssislər Şimali Karolinadakı yoluxmaların digər hadisələrlə əlaqəsinin olub-olmadığını da araşdırırlar.

Əlamətlər hansılardır?

Cyclospora infeksiyası aşağıdakı əlamətlərlə özünü göstərə bilər:

Uzun müddət davam edən ishal;

Ürəkbulanma;

İştahasızlıq;

Halsızlıq və güclü yorğunluq.

Mütəxəssislərin tövsiyələri

Səhiyyə rəsmiləri və mütəxəssislər çiy istehlak edilən göyərtilərin:

bol axar su ilə diqqətlə yuyulmasını;

etibarlı satış məntəqələrindən alınmasını;

mümkün olduqda bişirilərək istehlak edilməsini tövsiyə edirlər.

Şimali Karolina Səhiyyə və İnsan Xidmətləri Departamenti bildirib ki, cəfəri, keşniş və kahı ilə yoluxmalar arasında əlaqə hələ tam sübut olunmayıb və araşdırmalar davam edir. Buna görə də hazırda bu məhsullardan tamamilə imtina etmək üçün əsas yoxdur, lakin gigiyena qaydalarına ciddi əməl etmək vacibdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az