ABŞ-nin Rod-Aylend ştatının sakini Ron Uolles nəhəng balqabaq yetişdirmək üzrə dünya rekordunu yeniləyib.
Gundelik.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Uollesin yetişdirdiyi balqabağın çəkisi 1,4 tondan çox olub. Bununla da o, britaniyalı İan Peytonu geridə qoyub. Peyton cəmi bir müddət əvvəl dünya rekorduna imza atmışdı. O, oktyabrın əvvəlində çəkisi 1,3 ton olan balqabaqla nəhəng tərəvəzlər müsabiqəsinin qalibi olmuşdu.
Bununla belə, Peyton balqabağın çevrəsinə görə üstünlüyünü qoruyub saxlayıb. Onun yetişdirdiyi nəhəng meyvənin çevrəsi təxminən 6,5 metr təşkil edib.
Uollesin sözlərinə görə, yetişdirdiyi balqabaqdan 3 mindən çox bayram piroqu hazırlamaq mümkün olardı. O, bunun ilk rekordu olmadığını da bildirib. Belə ki, kişinin yetişdirdiyi balqabaqlar 2006-cı və 2012-ci illərdə dünyanın ən böyüyü kimi tanınıb.
Uolles gələn il fasilə verməyi planlaşdırdığını desə də, əldə etdiyi nailiyyətlərlə kifayətlənmək niyyətində olmadığını vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ sakini Sara Uitty 77,1 kiloqram ağırlığında nəhəng kabaçki yetişdirib. Tərəvəz Şimali Amerikanın ən böyüyü kimi qeydə alınıb.
Nuri
Gundelik.az
