Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kral ailəsinin nümayəndəsi Londonda narkotik sərxoşluğu vəziyyətində aşkarlanıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
32 yaşlı Məhra Əl-Nəhyan və adı açıqlanmayan bir kişi iyun ayında səki kənarındakı hasarın yaxınlığında huşsuz vəziyyətdə tapılıblar. Həmin vaxt qadının yanında, asfaltın üzərində ayaqyalın üç yaşlı uşaq olub.
Hadisə şahidləri uşağın hərəkət hissəsinə təhlükəli dərəcədə yaxın olduğunu görərək müdaxilə ediblər. Polis hadisə yerinə gəlsə də, qadın təxminən yarım saat ərzində heç bir reaksiyasız qalıb. Özünə gəldikdən sonra isə aqressiv davranmağa başlayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qışqırıb.
Oktyabrın 13-də məhkəmə qarşısına çıxarılan qadın uşağı təhlükə altında qoymaqda təqsirini etiraf edib. Hakim onu iki il müddətinə ictimai nəzarət altında saxlamaq və məcburi reabilitasiya proqramından keçmək cəzasına məhkum edib. Bundan əlavə, qadına 5 min funt sterlinq (təxminən 580 min rubl) cərimə kəsilib və 1 000 funt sterlinq (təxminən 116 min rubl) məhkəmə xərclərini ödəməsi qərara alınıb.
Məhkəmədə məlum olub ki, qadın ailəsindən hər ay 8 min funt sterlinq (təxminən 930 min rubl) məbləğində maddi təminat alır.
Müdafiə tərəfinin bildirdiyinə görə, Əl-Nəhyan iyun ayında Uokinq şəhərində yerləşən “Priory” reabilitasiya mərkəzində narkotik asılılığına qarşı müalicəyə başlayıb və o vaxtdan bəri qadağan olunmuş maddələrdən istifadə etmir. Vəkil bildirib ki, hadisə günü qadın narkotik qəbul etməyib, lakin bir neçə gün ərzində kokain istifadə etdiyinə görə ciddi şəkildə taqətdən düşüb.
Əl-Nəhyanın mənsub olduğu ailə Əbu-Dabi əmirliyini idarə edir və dünyanın ən varlı, nüfuzlu ailələrindən biri hesab olunur. Ailənin sərvətinin 250 milyard funt sterlinqdən (təxminən 29 trilyon rubl) çox olduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl Bruneydə sultan Həsənəl Bolkiah uyğun olmayan davranış və monarxa hörmətsizlik səbəbindən gəlinini bütün titullarından məhrum edib. Taxt-tacın varislik siyahısında dördüncü yerdə olan şahzadə Əbdül Malikin həyat yoldaşı, 33 yaşlı Penqiran Raabiətul Adaviyah avqustun 8-də imzalanan fərmanla şahzadə xanım titulunu itirib.
Nuri
Gundelik.az
