Türkiyədə güclü yağışlar səbəbindən İstanbuldan sonra Kocaeli vilayətində də tədrisə bir günlük fasilə verilib. Kocaeli Valiliyinin qərarına əsasən, oktyabrın 16-da, cümə günü vilayət üzrə bütün təhsil müəssisələrində dərslər dayandırılacaq.
Gundelik.az xəbər verir ki, İstanbulu təsiri altına alan güclü leysan yağışları Kocaeliyə də çatıb. Əlverişsiz hava şəraitinin davam etməsi, nəqliyyatda yarana biləcək problemlər və su basqını riskləri nəzərə alınaraq belə bir qərar qəbul edilib.
Bir sıra dövlət qulluqçularına da icazə verildi
Valiliyin açıqlamasına görə, oktyabrın 16-da zəruri xidmətlərdə çalışanlar istisna olmaqla, müəyyən kateqoriyadan olan dövlət qulluqçuları inzibati məzuniyyətə buraxılacaq.
Bu qərar aşağıdakı şəxslərə şamil ediləcək:
Müharibə veteranları və əlilliyi olan veteranlar;
Hamilə və əlilliyi olan əməkdaşlar;
Xroniki xəstəliklərdən əziyyət çəkən dövlət qulluqçuları;
Reabilitasiya mərkəzlərinə, uşaq bağçalarına və məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqları olan, eləcə də 10 yaşdan kiçik uşağı olan qadın əməkdaşlar.
İstanbulda da dərslər dayandırılıb
İstanbul valisi Davut Gül də güclü yağışlarla əlaqədar görülən tədbirlər barədə açıqlama verərək şəhərdə məktəblərdə dərslərin növbəti gün də keçirilməyəcəyini bildirib.
Beləliklə, əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul və Kocaeli vilayətlərində oktyabrın 16-da tədrisə fasilə veriləcək.
Nuri
Gundelik.az
