Oktyabr 15, 2026
Baku
Ölkə Sağlamlıq Xəbərlər

Üz dolğusu niyə bəzən insanı olduğundan yaşlı göstərir? – Günay Əliyevadan VACİB AÇIQLAMA

Kontur korreksiyası və həcm balansı: yanaq, çənə və orta üz nahiyəsində dolğunun düzgün planlaşdırılması niyə vacibdir?

Estetik kosmetologiyada üz dolğuları üz cizgilərini formalaşdırmaq, həcm itkisini kompensasiya etmək və daha təravətli görünüş yaratmaq üçün geniş istifadə olunur. Lakin hər dolğu proseduru gözlənilən cavanlaşdırıcı nəticəni vermir. Bəzi hallarda həddindən artıq dolğu, üz anatomiyasının düzgün qiymətləndirilməməsi və həcm balansının pozulması insanı olduğundan daha yaşlı göstərə bilər.

Kosmetoloq Günay Əliyevanın Gundelik.az-a açıqlamasına görə, yanaq nahiyəsinə həddindən artıq dolğu vurulduqda üzün orta hissəsi ağırlaşa, təbii konturlar dəyişə və mimika zamanı süni görünüş yarana bilər:

“Üz dolğusu hər zaman insanı daha gənc göstərmir. Əksinə, düzgün planlaşdırılmadıqda və üzə həddindən artıq həcm verildikdə, nəticə insanın olduğundan daha yaşlı görünməsinə səbəb ola bilər. Burada əsas məsələ dolğunun miqdarı deyil, onun üzün anatomiyasına, proporsiyalarına və fərdi xüsusiyyətlərinə uyğun tətbiq edilməsidir. Yanaq, çənə və orta üz nahiyəsi bir-biri ilə sıx əlaqədədir. Məsələn, yanaq nahiyəsinə həddindən artıq dolğu vurulduqda üzün orta hissəsi ağırlaşa, təbii konturlar dəyişə və mimika zamanı süni görünüş yarana bilər. Eyni zamanda, çənə nahiyəsinə normadan artıq həcm verilməsi üzün aşağı hissəsini vizual olaraq böyüdərək ümumi proporsiyaları poza bilər. Orta üz nahiyəsində isə daha diqqətli yanaşma tələb olunur. Çünki bu sahədə həcm bölgüsü gözaltı nahiyənin, yanaqların və burun-dodaq xətlərinin görünüşünə təsir göstərir. Bəzən pasiyent üzündəki yorğun ifadəni aradan qaldırmaq üçün dolğu istəyir, lakin problemin səbəbi həcm itkisi deyil, dərinin elastikliyinin azalması və yumşaq toxumaların aşağıya doğru yerdəyişməsi ola bilər. Belə hallarda əlavə dolğu gözlənilən nəticəni verməyə bilər”.

Mütəxəssis bildirir ki, bəzi hallarda az miqdarda dolğu ilə mərhələli korreksiya daha təbii nəticə verir.

“Kontur korreksiyasında əsas məqsəd üzün hər nahiyəsini böyütmək deyil, həcm balansını qorumaq və təbii cizgiləri vurğulamaqdır. Hər bir insanın üz quruluşu, sümük anatomiyası, dərisinin vəziyyəti və yaşlanma xüsusiyyətləri fərqlidir. Buna görə də bütün pasiyentlərə eyni sxem üzrə dolğu tətbiq etmək düzgün yanaşma deyil. Prosedurdan əvvəl üz həm öndən, həm də profildən qiymətləndirilməli, ehtiyac olan nahiyələr müəyyənləşdirilməlidir. Bəzi hallarda az miqdarda dolğu ilə mərhələli korreksiya daha təbii nəticə verir. Digər hallarda isə əlavə həcm yaratmaq əvəzinə fərqli estetik yanaşma seçilməlidir. Unutmaq olmaz ki, uğurlu estetik prosedurun nəticəsi üzün dəyişdirilməsi ilə deyil, onun təbii harmoniyasının qorunması ilə ölçülür. Məqsəd dolğu olunduğunu hiss etdirmək deyil, insanın daha təravətli və proporsional görünməsinə nail olmaqdır. Eyni zamanda, dolğu inyeksiyaları tibbi risklər daşıdığı üçün prosedur üz anatomiyasını bilən və müvafiq ixtisasa malik mütəxəssis tərəfindən aparılmalıdır”, – deyə Günay Əliyeva qeyd edir.

Nuri
Gundelik.az