Oktyabr 7, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

İraq valyutası devalvasiya etdi

İraq neft ixracının azalması nəticəsində yaranan iqtisadi çətinliklər fonunda milli valyutası dinarı ABŞ dollarına qarşı 13% devalvasiya edib.

Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, İraq Mərkəzi Bankı əhali üçün dolların məzənnəsini 1320 dinardan 1520 dinar səviyyəsində müəyyən edib.

Bu, İran müharibəsi başlayandan bəri Körfəz ölkəsinin milli valyutasını ilk dəfə devalvasiya etməsidir. Regiondakı əksər ölkələr valyutalarını dollara bağlayır.              

Qeyd edək ki, İraq iqtisadiyyatı dünyada neftdən ən çox asılı olan iqtisadiyyatlardan biridir. İraqın neft ixracı mart ayının əvvəlindən bəri orta hesabla gündə cəmi 1,25 milyon barel təşkil edib ki, bu da ötən ilki təxminən 3,5 milyon bareldən azdır.

Dövlətə məxsus İraq Neft Marketinq Şirkətinin (SOMO) məlumata görə, münaqişə başlayandan bəri ölkənin itkiləri 80 milyard dollara çatıb. İraqın neft ixracı son iki ayda artsa da, müharibədən əvvəlki səviyyələrdən aşağı olaraq qalır.

Bloomberg-in baş inkişaf etməkdə olan bazarlar iqtisadçısı Ziyad Daud qeyd edib ki, keçmişdə baş verən hər bir neft şoku İraq üçün problemlərə səbəb olub:

“Bu, 2008, 2014 və 2020-ci illərdə baş verib. Hörmüz boğazının bağlanması və 2026-cı ildə neft gəlirlərinin dayandırılması belə halların sonuncusu idi. Bağdad dövlət sektorundakı əmək haqqı ilə dinarın məzənnəsinin saxlanılması arasında seçim etmək məcburiyyətində qaldı və birincisini seçdi”.

Beynəlxalq Valyuta Fondu isə İraqın ÜDM-nin bu il təxminən 7% azalacağını proqnozlaşdırır.