UEFA Millətlər Liqasının A Liqasında İspaniya yığması Xorvatiyanı səfərdə 2:1 hesabı ilə məğlub edərək möhtəşəm məğlubiyyətsiz seriyasını davam etdirib.
Gundelik.az xəbər verir ki, Splitdə keçirilən qarşılaşmada hesabı 17-ci dəqiqədə İvan Perişiç açıb. İspaniya ilk hissədə geridə olsa da, fasilədən sonra oyunun axarını dəyişməyi bacarıb.
İspanların dönüş qəhrəmanı isə meydana sonradan daxil olan Mikel Merino olub. Yarımmüdafiəçi 61-ci dəqiqədə hesabı bərabərləşdirib. Qarşılaşmanın sonlarına yaxın isə Merino yenidən səhnəyə çıxaraq 89-cu dəqiqədə İspaniyaya qələbə qazandıran qolu vurub.
Xorvatiyanın işi 79-cu dəqiqədə Perişiçin ikinci sarı vərəqə ilə meydandan qovulmasından sonra daha da çətinləşib.
Bu qələbə ilə İspaniya Millətlər Liqasının qrupunda 12 xalla liderliyini möhkəmləndirib və növbəti mərhələyə vəsiqəni təmin edib. Ən diqqətçəkən məqam isə “La Roja”nın məğlubiyyətsiz oyunlarının sayını 42-yə çatdırmasıdır.
İspaniya bununla yalnız üç xal qazanmayıb, həm də dünya futbolunda son illərin ən diqqətçəkən seriyalarından birini davam etdirib. “La Roja” artıq 42 oyundur rəqiblərinə uduzmur.
Ramal Bəhmənli
Gundelik.az
