Son illərdə estetik və kosmetoloji prosedurlara maraq xeyli artıb. Dəriyə qulluq, üz prosedurları, inyeksiya tətbiqləri və müxtəlif estetik müdaxilələr artıq bir çox insanın gündəlik gözəllik rutinində yer alır. Lakin arzulanan nəticəni əldə etmək üçün yalnız prosedurun özünü seçmək kifayət etmir. Dərinin xüsusiyyətləri, yaş, mövcud problemlər və prosedurun düzgün tətbiqi də nəzərə alınmalıdır. Bəzən daha sürətli nəticə əldə etmək istəyi insanları eyni vaxtda bir neçə prosedur etdirməyə, sosial şəbəkələrdə populyarlaşan üsulları araşdırmadan tətbiq etməyə və dəri tipinə uyğun olmayan məhsullardan istifadə etməyə sövq edir.
Maraqlıdır, gözəllik naminə etdiyimiz hansı səhvlər dərimizə əks təsir göstərə bilər? Kosmetoloji prosedur seçərkən nələrə diqqət etmək lazımdır?
Tanınmış kosmetoloq Günay Əliyeva bu barədə Gundelik.az-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, gözəl və sağlam dəri üçün əsas məsələ prosedurların çoxluğu deyil, düzgün və fərdi yanaşmadır.

“İnsanların dərisi bir-birindən fərqlidir. Başqasına yaxşı nəticə verən prosedur hər kəs üçün eyni nəticəni verməyə bilər. Buna görə də kosmetoloji müdaxilədən əvvəl dərinin vəziyyəti qiymətləndirilməli və uyğun yanaşma seçilməlidir”, – deyə Günay Əliyeva bildirib.
Kosmetoloq həmçinin sosial şəbəkələrdə trend olan prosedurların düşünülmədən təkrarlanmasının düzgün olmadığını vurğulayıb.
“Dəriyə qulluqda ən böyük səhv çox prosedur yox, yanlış prosedurdur”, – deyə ekspert qeyd edib.
Nurəddin Abdullayev
Gundelik.az
