Əmək bazarında baş verən sürətli dəyişikliklər gənclərin peşə və ixtisas seçimindən tutmuş, işaxtaran vətəndaşlara göstərilən xidmətlərə qədər bir çox istiqamətə təsir edir. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və rəqəmsallaşmanın sürətlənməsi yeni peşə və bacarıqlara tələbatı artırır.
Xüsusilə informasiya texnologiyaları, rəqəmsal sahə, mühəndislik, tikinti və istehsalat istiqamətlərində kadr ehtiyacının artması əmək bazarının gələcək perspektivləri ilə bağlı yeni yanaşmalar tələb edir. Digər tərəfdən, süni intellekt və avtomatlaşdırma ənənəvi peşələrin məzmununu dəyişdirir, yeni bacarıqların formalaşmasını zəruri edir.
Bəs gənclər ixtisas seçərkən hansı amilləri nəzərə almalıdırlar? Dövlət Məşğulluq Agentliyinə müraciət edən vətəndaşlara hansı imkanlar yaradılır? Rəqəmsallaşma və süni intellekt əmək bazarına necə təsir göstərir və gələcəyin işçisindən hansı bacarıqlar tələb olunacaq?
Bu və digər suallarla bağlı Gundelik.az-ın suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini cavablandırıb.
Əmək bazarında bu gün ən çox hansı ixtisas və peşələrə tələbat var? Gənclər ixtisas seçərkən əmək bazarının real tələblərini necə nəzərə almalıdırlar?
– Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da əmək bazarı ciddi transformasiya dövrünü yaşayır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisinin artması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri və iqtisadiyyatın bütün sahələrində rəqəmsallaşma meyillərinin artması əmək bazarında peşələrə olan tələbatı da nəzərəçarpacaq dərəcədə dəyişib.
Apardığımız təhlil və araşdırmalar göstərir ki, hazırda əmək bazarında informasiya texnologiyaları və rəqəmsal sahə mütəxəssislərinə tələbat artmaqdadır. Eyni zamanda, bölgələrdə və xüsusən işğaldan azad olunmuş ərazilərdə tikinti, mühəndislik və istehsalat yönümlü peşələrə və ixtisaslara tələbat artıb.
Fikrimcə, bu gün əmək bazarında ixtisas seçimi edərkən yalnız konkret peşələri deyil, həmin peşələr üzrə tələb olunan və gələcəkdə tələb olunacaq bilik və bacarıqları da nəzərə almaq, “gələcəyin peşələri” konsepsiyasını əsas götürmək lazımdır. Çünki hazırda əmək bazarında əsas məsələ sadəcə ixtisasın olması deyil, həmin ixtisas üzrə tələb olunan biliklərin praktikada tətbiq edilə bilməsidir.
Müasir dövr gənclərin ixtisas seçimi zamanı emosional yox, məlumatlı qərar verməsini tələb edir. Bu baxımdan Dövlət Məşğulluq Agentliyi şəxslərin ixtisas seçimi edərkən düzgün qərar verməsinə kömək edə biləcək bir sıra xüsusi imkanlar yaradıb. Bunlara Peşələr festivalını – “PeşəFest”i, Agentliyin nəşr etdiyi “Əmək bazarı” bülletenlərini, “Alo Karyera” dəstək xidməti vasitəsilə karyera planlamasını, ümumtəhsil məktəblərinin VIII–XI sinif şagirdlərinin, abituriyentlərin, onların valideynlərinin və müəllimlərinin ixtisas seçimi üzrə maarifləndirilməsi məqsədilə “İxtisas bələdçisi” layihəsini, həmçinin “Məzunların məşğulluq reytinqi” proqramını misal göstərmək olar.
Düşünürəm ki, gənclərin peşə seçimi və məşğulluğuna sistemli yanaşmasının formalaşmasında Agentliyin keçirdiyi Peşələr festivalının xüsusi əhəmiyyəti var. Ölkənin əksər regionlarında təşkil olunan bu festivalın keçirilməsində əsas məqsəd gənclərin və şagirdlərin düzgün peşə seçiminə dəstək olmaq, iştirakçılara müxtəlif peşələr barədə ətraflı məlumat vermək, gənclərin əmək bazarının tələbləri ilə erkən yaşda tanış olmasını təmin etmək və praktiki bacarıqları əyani şəkildə sınamaq üçün şərait yaratmaqdır.
Məlumat üçün bildirim ki, 2025-ci ildən ümumilikdə 10 rayon və paytaxt Bakıda keçirilən bu tədbirlərdə 95 min iştirakçı qatılıb. Festivalda 14 peşə – kibertəhlükəsizlik, data analitikası, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar – üzrə maarifləndirici tədbirlər təşkil olunub. Ötən il tədbirə böyük marağın olduğunu nəzərə alaraq, festivalın 2026-cı ildə ölkənin daha 12 regionunda keçirilməsi planlaşdırılır.
Maraqlanan şəxslər Agentliyin rəsmi saytına, yaxud sosial şəbəkə hesablarına keçid edərək “PeşəFest” haqqında ətraflı məlumat ala bilərlər.
Bir məsələni də qeyd edim ki, Dövlət Məşğulluq Agentliyinin 2026-cı ilin əvvəlində hazırladığı “Əmək bazarı” bülleteninin 5-ci sayının nəticələrinə görə, regionlarda son bir il ərzində ən çox vakansiya texniki ixtisaslar üzrə olub və bu sahənin vakansiyalardakı payı 21,2 faiz təşkil edib. Texniki ixtisasların ardınca satış və marketinq – 17,1 faiz, mühasibatlıq və maliyyə – 13,5 faiz, tikinti və fiziki işlər – 13,1 faiz, kənd təsərrüfatı və heyvandarlıq – 13,1 faiz qərarlaşıb.
Gənclərə tövsiyəm odur ki, ixtisas seçərkən texnologiya, rəqəmsallaşma və süni intellektin əmək bazarını sürətlə dəyişdirdiyini nəzərə alsınlar. Seçdikləri ixtisasdan asılı olmayaraq rəqəmsal bacarıqları, analitik düşüncəni, kommunikasiya və ömürboyu öyrənmə bacarığını inkişaf etdirməlidirlər. Bu gün bir peşə seçmək kifayət etmir, həmin peşə ilə birlikdə daim yenilənmək gərəkdir.
İş axtaran vətəndaşların Dövlət Məşğulluq Agentliyinə müraciəti zamanı onlara hansı xidmətlər göstərilir?
– Dövlət Məşğulluq Agentliyinə müraciət edən vətəndaşlar ilk növbədə işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar. Daha sonra onların dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə hansı aktiv məşğulluq tədbirlərinə cəlb edilməsinin müəyyənləşdirilməsi üçün məşğulluq imkanları qiymətləndirilir (MİQ).
Şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi nəticəsinə uyğun olaraq onların işə düzəlməsinə və əmək bazarına qayıtmasına kömək məqsədilə aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən sənəd – fərdi məşğulluq proqramı (FMP) hazırlanır.
Vətəndaşlar Agentliyə müraciət zamanı məşğulluq imkanlarının qiymətləndirilməsi sorğusundan asılı olaraq müxtəlif aktiv və passiv məşğulluq tədbirlərinə cəlb edilirlər. Bu tədbirlərə:
- peşəyönümü və karyera məsləhəti xidmətinin göstərilməsi;
- münasib iş yerinə göndəriş verilməsi;
- əmək yarmarkasında iştirak;
- peşə hazırlığı və yenidən hazırlığa cəlb edilmə;
- özünüməşğulluq proqramına cəlb edilmə;
- əməkhaqqının birgə maliyyələşdirilməsinə cəlb edilmə;
- kvota üzrə işlə təmin edilmə;
- işsizlikdən sığorta ödənişinin verilməsi
aiddir.
Məsələn, peşəyönümü xidməti çərçivəsində vətəndaşın təhsili, bacarıqları və şəxsi xüsusiyyətləri qiymətləndirilir, ona uyğun peşə və ixtisas seçiminə dəstək verilir, əmək bazarında tələb olunan peşələr barədə məlumat təqdim olunur. Əgər vətəndaşın mövcud bacarıqları əmək bazarının tələblərinə cavab vermirsə, onu peşə hazırlığına yönləndirə bilirik. Burada məqsəd işsiz şəxsə qısa müddətdə əmək bazarının tələb etdiyi konkret bacarığı qazandırmaqdır.
Əgər MİQ nəticəsində vətəndaşın sahibkarlıq potensialının olduğu müəyyən edilərsə, onu özünüməşğulluq proqramına yönləndirərək kiçik biznes və ya ailə təsərrüfatı yaratmasına dəstək göstərilir.
Məlumat üçün bildirim ki, 2026-cı ilin 8 ayında Agentlik tərəfindən 118 924 nəfər şəxs göndəriş əsasında münasib işlə təmin edilib. Onlardan 1 625 nəfəri kvota üzrə işlə təmin edilən, 1 291 nəfəri isə əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına cəlb edilən şəxslərdir. Ümumilikdə işlə təmin edilənlərin 47 049 nəfəri gəncdir.
Həmçinin qeyd olunan dövr ərzində 3 330 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 340 nəfəri gəncdir. 11 948 nəfər isə müxtəlif peşə hazırlığı kurslarına cəlb edilib ki, onların 6 244 nəfəri gənclərdir.
Əmək bazarında rəqəmsallaşma və süni intellektin yaratdığı dəyişikliklər Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə necə təsir edir?
– Artıq bu, reallıqdır ki, rəqəmsallaşma və süni intellekt əmək bazarını köklü şəkildə dəyişməkdədir. Bu dəyişiklik Agentlik üçün yalnız texnologiyadan istifadə məsələsi deyil, eyni zamanda məşğulluq siyasətinin özünün yenilənməsi deməkdir.
Bir tərəfdən avtomatlaşdırma bəzi ənənəvi işlərin məzmununu dəyişir və müəyyən peşələr üzrə insan əməyinə ehtiyacı azaldır, digər tərəfdən isə yeni peşələr və yeni bacarıqlar meydana çıxarır. Buna görə bizim əsas vəzifəmiz insanları texnoloji dəyişikliklərin fonunda əmək bazarında baş verən və bundan sonra baş verəcək dəyişikliklərdən kənarda qoymamaq, onların bu dəyişikliklərə hazırlanmasına dəstək olmaqdır.
Bu baxımdan Agentliyin fəaliyyətində bir neçə əsas istiqamət ön plana çıxır.
Birincisi, əmək bazarının daha dəqiq təhlili və proqnozlaşdırılmasıdır. ƏMAS platformasında formalaşan məlumatlardan, işəgötürənlərin tələblərindən və əmək bazarı üzrə aparılan sorğulardan istifadə etməklə hansı peşə və bacarıqlara ehtiyacın artdığını müəyyənləşdiririk.
İkincisi, peşə hazırlığının əmək bazarının tələblərinə uyğun çevik şəkildə yenilənməsidir. Əmək bazarında yeni peşələr yarandıqca təlim proqramlarının da yenilənməsi vacibdir. Bu gün İT, proqramlaşdırma və rəqəmsal texnologiyalar kimi istiqamətlərə maraq artır və Agentlik özəl sektorla əməkdaşlıq çərçivəsində bu sahələrdə kadr hazırlığını genişləndirir.
Üçüncüsü, xidmətlərin rəqəmsallaşma səviyyəsinin daha da yüksəldilməsidir. ƏMAS-da işəgötürənləri, işçiləri, işsiz və işaxtaran şəxsləri vahid elektron platformada birləşdirərək məşğulluq proseslərinin daha şəffaf və çevik təşkilinə imkan yaradırıq.
Sonda mühüm bir məqamı vurğulamaq istəyirəm: süni intellekt insanı əmək bazarından çıxaran deyil, insanın bacarıqlarını dəyişdirən və artıran bir amildir. Fikrimcə, gələcəyin işçisi texnologiya ilə rəqabət aparan deyil, texnologiyadan istifadə etməyi bacaran və bunun sayəsində öz bilik, bacarıq və əmək qabiliyyəti imkanlarını artıra bilən olacaq.
Ona görə Agentliyin əsas funksiyalarından biri vətəndaşlara yalnız bugünkü vakansiyalara uyğunlaşmaqda deyil, gələcəyin əmək bazarına hazırlaşmaqda kömək etməkdir. Bunun üçün rəqəmsal bacarıqlarla yanaşı, analitik düşüncə, yaradıcılıq, ünsiyyət, komanda işi, problem həll etmə və ömürboyu öyrənmə kimi bacarıqların inkişafına xüsusi əhəmiyyət verilir.
Gundelik.az
