Alma sirkəsi mətbəxdə geniş istifadə olunan məhsullardandır. Salatlardan souslara, turşulardan müxtəlif yeməklərə qədər bir çox qidaya özünəməxsus turşməzə dad verir.
Lakin son illərdə alma sirkəsini yeməklərdə istifadə etməkdən çox, sağlamlığa faydalı olduğu düşüncəsi ilə suya qataraq içmək dəb halını alıb.
Alma sirkəsinin arıqlamağa, qan şəkərini nəzarətdə saxlamağa, bağırsaq və ürək sağlamlığını yaxşılaşdırmağa kömək etdiyi iddia olunur. Hətta bəzi mənbələrdə onun xərçəngin müalicəsində istifadə edilə biləcəyi deyilir. Ancaq alma sirkəsinin ciddi xəstəlikləri müalicə etdiyini və ya sağaltdığını göstərən etibarlı elmi sübut yoxdur.
Bəs alma sirkəsinin sağlamlığa təsiri ilə bağlı hansı iddialar doğrudur?
Alma sirkəsi nədir?
Alma sirkəsi fermentasiya olunmuş almalardan hazırlanır. O, həm süzülmüş və şəffaf, həm də süzülməmiş, pasterizə edilməmiş formada satılır. İkinci növ daha bulanıq görünür.
Məhz süzülməmiş alma sirkəsinin sağlamlıq baxımından daha faydalı olduğu düşünülür. Bunun səbəbi onun tərkibində canlı bakteriyalardan ibarət “ana mədəniyyət”in olmasıdır.
Middlesex Universitetində biotibbi tədqiqatlar üzrə mühazirə deyən doktor Darshna Yagnik bildirir ki, bu təbəqənin tərkibində çoxlu ferment və zülal var və faydalı bakteriyaların artmasına kömək edir.
Alma sirkəsinin əsas komponentlərindən biri də sirkədə təbii şəkildə yaranan sirkə turşusudur.
Bəzi heyvan tədqiqatlarında bu maddənin orqanizmdə ödemi azaltmağa və artrit kimi xəstəliklərə müsbət təsir göstərə biləcəyi müşahidə olunub. Lakin bu nəticələr hələ insanlar üzərində aparılan tədqiqatlarla təsdiqlənməyib.
Alma sirkəsi sağlamlıq üçün necə istifadə olunur?
Sirkənin müalicə məqsədilə istifadəsi yeni deyil. Qədim yunan həkimi Hippokrat eramızdan əvvəl 420-ci ildə yaraların müalicəsində sirkədən istifadə edirdi.
Bu gün isə internetdə ən çox yayılan tövsiyələrdən biri alma sirkəsini hər gün su ilə durulaşdıraraq az miqdarda içməkdir.
İngiltərə Dietoloqlar Assosiasiyasının nümayəndəsi, dietoloq Nichola Ludlam-Raine isə bunun bəzi risklər daşıdığını bildirir.
Alma sirkəsi yüksək turşuluğa malik olduğundan diş minasını zədələyə və reflüksü, yəni mədə turşusunun qida borusuna geri qayıtmasını artırır.
Bazarda alma sirkəsi tərkibli saqqızlar və qida əlavələri də satılır. Lakin bunların dərman deyil, qida əlavəsi kimi tənzimləndiyini nəzərə almaq lazımdır.
Alma sirkəsini qidaların hazırlanmasında, məsələn, salat souslarında istifadə etmək də mümkündür.
Alma sirkəsi arıqlamağa və qan şəkərini nəzarətdə saxlamağa kömək edirmi?
Alma sirkəsinin arıqlamağa kömək etdiyi iddiası mübahisəlidir. Elmi araşdırmalar da bu mövzuda ziddiyyətli nəticələr ortaya qoyub.
Bəzi tədqiqatlar onun çəki itkisinə müəyyən qədər kömək edə biləcəyini göstərsə də, digərləri əhəmiyyətli təsir aşkar etməyib.
Dietoloq Nichola Ludlam-Raine hesab edir ki, arıqlama və qan şəkərinin yaxşılaşdırılması ilə bağlı potensial faydaları digər sirkə növlərindən də əldə etmək mümkündür.
Hazırda alma sirkəsinin iştahanı azaltması və karbohidratlarla zəngin yeməkdən sonra qan şəkərinin yüksəlməsini məhdudlaşdırması ilə bağlı sübutlar məhduddur.
2016-cı ildə BBC Two kanalında yayımlanan “Trust Me, I’m A Doctor” proqramında Aston Universiteti ilə əməkdaşlıq çərçivəsində alma sirkəsinin çəkiyə təsiri araşdırılıb. Səkkiz həftə davam edən təcrübənin nəticələrinə görə, alma sirkəsi çəki itkisinə təsir göstərməyib.
Xolesterinə və ürək sağlamlığına faydası varmı?
Həmin araşdırmada alma sirkəsinin çəki itkisinə təsiri aşkarlanmasa da, onun xolesterin səviyyəsini azaltmağa kömək edə biləcəyi müşahidə olunub.
Coventry Universitetindən doktor Cain Clarkın apardığı tədqiqatlar da müntəzəm alma sirkəsi istifadəsinin xolesterin səviyyəsini azalda biləcəyini və 2-ci tip diabeti olan insanlarda bəzi sağlamlıq faydaları yarada biləcəyini göstərib.
Yüksək xolesterin ürək-damar xəstəlikləri üçün risk faktorlarından biridir.
Son dövrlərdə aparılan məlumat təhlilləri də alma sirkəsinin ürək-damar xəstəliklərinin inkişafına təsir edən bəzi amillərə müsbət təsir göstərə biləcəyini irəli sürür. Lakin bu nəticələr hələ alma sirkəsinin ürək-damar xəstəliklərinin qarşısını aldığı və ya müalicə etdiyi anlamına gəlmir.
Alma sirkəsi infeksiyalarla mübarizə apara bilərmi?
Doktor Yagnik alma sirkəsinin antimikrob xüsusiyyətlərini də araşdırıb.
Onun laboratoriya tədqiqatlarında alma sirkəsinin E. coli və MRSA kimi bakteriyalara qarşı təsiri öyrənilib. Nəticələr alma sirkəsinin laboratoriya şəraitində müəyyən antimikrob təsir göstərə bildiyini ortaya qoyub.
Tədqiqat həmçinin onun iltihabı azaltmaq potensialına malik ola biləcəyini göstərib.
Lakin Yagnik vurğulayır ki, bu nəticələr alma sirkəsinin antibiotikləri əvəz edə biləcəyi və ya infeksiyaları insanlarda müalicə etdiyi anlamına gəlmir.
Alma sirkəsi bağırsaq sağlamlığı üçün faydalıdırmı?
Fermentasiya olunmuş məhsul olduğu üçün alma sirkəsinin bağırsaq sağlamlığına faydalı ola biləcəyi düşünülür.
Xüsusilə süzülməmiş alma sirkəsinin tərkibindəki canlı mədəniyyətlərin bağırsaq mikrobiotasına müsbət təsir göstərə biləcəyi iddia olunur.
Lakin alma sirkəsinin bağırsaqlara real təsirini araşdıran elmi tədqiqatların sayı azdır. Buna görə də bu iddialara ehtiyatla yanaşmaq lazımdır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
