Sentyabr 15, 2026
Baku
Ölkə Xəbərlər

Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?

Yeni tədris ilinin başlaması ilə səhər saatlarında yollarda nəqliyyat sıxlığı yaranıb. Bu isə taksi xidmətlərinin qiymətlərində də artımla müşahidə olunub.

Gundelik.az-ın apardığı müşahidələrə əsasən, səhər saat 06:49-dan 08.11-dək bəzi istiqamətlər üzrə taksi qiymətlərində 2-6 manatadək artım qeydə alınıb.

Belə ki, Sumqayıt şəhərində yerləşən “Bağçaşəhər” yaşayış kompleksindən metronun “20 Yanvar” stansiyası istiqamətinə saat 06:49-da taksi sifarişinin qiyməti 17.90 manat olduğu halda saat 07:13-də eyni istiqamət üzrə qiymət 22.90 manata yüksəlib.

Qiymət artımı həm ekonom, həm komfort, həm də prioritet sifarişlərdə özünü göstərib.

Digər bir nümunədə isə Bakı şəhəri, Dadaş Bünyadzadə küçəsi, 9 ünvanından “28 Mall” istiqamətinə taksi qiyməti saat 06:49-da 14.90 manat, saat 08:11-də isə 17.90 manat təşkil edib.

Eyni zamanda, bəzi istiqamətlər üzrə gediş və qayıdış qiymətlərinin də fərqli olduğu müşahidə edilib.

Məsələn, Bakı şəhəri, Cavadxan küçəsi, 40 ünvanından Dilbər Əliyeva küçəsi, 161 ünvanına taksi sifarişinin qiyməti 6.90 manat olduğu halda, əks istiqamətdə, yəni Dilbər Əliyeva küçəsi, 161-dən Cavadxan küçəsi, 40-a gedişin qiyməti 9.90 manat göstərilib.

Qeyd edək ki, taksi qiymətləri tələbat, yol şəraiti və digər dinamik amillərdən asılı olaraq dəyişə bilər.//Oxu.Az