Market rəflərində “light”, “şəkərsiz” və ya “sıfır kalorili” kimi təqdim olunan məhsullar sağlam qidalanmaq istəyənlərin seçiminə çevrilir. Lakin bu ifadələr məhsulun tamamilə sağlam olduğu anlamına gəlmir. Bəzi məhsulların tərkibində qlükoza siropu, müxtəlif şəkər törəmələri, rafinə olunmuş karbohidratlar və müxtəlif qida əlavələri olur.
Diyetoloq Nazlı Aydın istehlakçılara məhsulun yalnız qablaşdırmasının ön hissəsindəki məlumatlara deyil, arxa etiketdə göstərilən tərkib siyahısına diqqət yetirməyi tövsiyə edib.
“Ön tərəfinə deyil, arxa etiketinə baxın”
Aydının sözlərinə görə, məhsulun həqiqətən sağlam olub-olmadığını müəyyənləşdirmək üçün tərkibinə baxmaq vacibdir. Tərkib mümkün qədər sadə olmalı, çoxsaylı və istehlakçıya tanış olmayan əlavələrə diqqət edilməlidir.
“Şəkərsiz” yazılan bəzi məhsullarda qlükoza siropu, fruktoza siropu, nişasta törəmələri və rafinə olunmuş karbohidratlardan istifadə edilir. Bu maddələr qan şəkərində kəskin dəyişikliklərə, insulin səviyyəsinin artmasına və daha tez aclıq hissinin yaranmasına səbəb olur.
“Sağlam” hesab edilən məhsullara da diqqət
Mütəxəssis təbii hesab edilən bəzi məhsulların da emal zamanı əlavə şəkərlə zənginləşdirilə biləcəyini bildirib. Məsələn, xurma alarkən onun sağlam seçim olduğunu düşünmək mümkündür. Lakin məhsulun tərkibinə baxdıqda qlükoza siropundan istifadə edildiyi aşkarlanır.
Aydın həmçinin “çörək yemirəm, amma pəhriz məhsulu yeyirəm” yanaşmasının düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, sağlam qidalanma yalnız müəyyən məhsulu seçməkdən ibarət deyil. Karbohidrat, zülal və yağların düzgün nisbətdə qəbul edilməsi də vacibdir.
“Light”, “şəkərsiz” və ya “sıfır kalorili” ifadələri məhsulun avtomatik olaraq sağlam olduğu anlamına gəlmir. Buna görə alış-veriş zamanı əsas diqqət qablaşdırmanın ön hissəsinə deyil, tərkib siyahısına yönəldilməlidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
