Sağlam qidalanma dedikdə əsas diqqət adətən hansı qidaları qəbul etdiyimizə yönəlir. Lakin yeməyin hansı saatda yeyilməsi də maddələr mübadiləsinə təsir göstərir.
Araşdırmalar göstərir ki, orqanizm eyni qidaya səhər və gecə saatlarında fərqli metabolik reaksiya verir. Xrononutrisiya adlanan yanaşma qidalanma vaxtını orqanizmin bioloji ritminə mümkün qədər uyğunlaşdırmağı nəzərdə tutur.
Gecə yemək niyə problem yaradır?
Səhər və günün erkən saatlarında insulinə həssaslıq daha yaxşı olur, qlükozanın emalı isə daha səmərəli gedir. Axşam və xüsusilə gecə saatlarında bu reaksiya dəyişir.
Məsələn, eyni miqdarda karbohidrat olan yemək səhər qəbul edildikdə qan şəkərinə göstərdiyi təsir gecə saatlarında qəbul edildikdəki təsirdən fərqli olur. Bu xüsusilə insulin dirənci, prediabet və 2-ci tip diabet baxımından əhəmiyyətlidir.
Gec saatlarda böyük porsiyada yemək qan şəkəri və insulin səviyyəsinin uzun müddət yüksək qalmasına, həzm sisteminin yuxu vaxtında aktiv olmasına, reflü şikayətlərinin artmasına və yuxu keyfiyyətinin pisləşməsinə səbəb olur.
Bununla belə, “gecə yemək mütləq kökəldir” kimi sadə nəticə çıxarmaq düzgün deyil. Bədən çəkisinə təsir edən əsas amillərdən biri ümumi enerji balansı və qidalanmanın keyfiyyətidir.
Axşam yeməyi saat neçədə yeyilməlidir?
Hamı üçün keçərli olan dəqiq bir saat yoxdur. “Saat 18:00-dan sonra qətiyyən yemək olmaz” fikri elmi baxımdan universal qayda hesab edilmir.
İnsanların iş qrafiki, yuxu saatları və həyat tərzi fərqlidir. Buna görə əsas məqsəd axşam yeməyini mümkün qədər günün erkən saatlarına çəkmək və yatmazdan əvvəl ağır yeməklərdən uzaq durmaqdır.
Məsələn, saat 23:00-da yatan insan üçün axşam yeməyini təxminən 18:30–19:30 aralığında bitirmək uyğundur. Lakin gecə növbəsində çalışan insan üçün eyni saatı tətbiq etmək düzgün yanaşma deyil.
Xrononutrisiyanın məqsədi saata kor-koranə riayət etmək deyil, qidalanmanı insanın bioloji ritminə mümkün qədər uyğunlaşdırmaqdır.
Ürək-damar sağlamlığına da təsir edir
Qidalanma vaxtı qan şəkəri, insulin, qanda yağların mübadiləsi, bədən çəkisi və iltihabi proseslər kimi bir sıra ürək-damar və maddələr mübadiləsi göstəricilərinə təsir göstərir.
Bu səbəbdən qidalanmanın vaxtına diqqət yetirmək yalnız arıqlamaq baxımından deyil, ümumi metabolik sağlamlığın qorunması baxımından da əhəmiyyətlidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
