Sentyabr 14, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Diş ləkələrinin qarşısını necə almaq olar?

Supermarketlərdə diş məcunlarının əksəriyyətində dişlərin ağardılması ilə bağlı ifadələrə rast gəlirik. Bəs dişləri ağ saxlamağın yeganə yolu ağardıcı məhsullardan istifadə etməkdir? Mütəxəssislər qidalanma və gündəlik ağız baxımının da mühüm rol oynadığını bildirirlər.

Diş ləkələrinə nə səbəb olur?

Diş həkimi Tobi Henkoka görə dişlərdə iki növ ləkələnmə olur: daxili və xarici.

Daxili ləkələnmə rəng dəyişikliyinin dişin daxilindən qaynaqlanmasıdır. Buna genetik xəstəliklər və bəzi dərmanlara reaksiyalar səbəb olur.

Xarici ləkələnmə isə dişin səthində yaranır. Siqaret, düzgün ağız gigiyenasına əməl etməmək, bəzi qida və içkilər bunun əsas səbəblərindəndir.

Hansı qida və içkilər dişləri daha çox ləkələyir?

Henkok xüsusilə taninlə zəngin içkilərə diqqət çəkir. Qırmızı şərab, qəhvə və çay dişlərdə ləkə yaradan əsas içkilər sırasındadır.

Bundan başqa, kola kimi tünd rəngli içkilər, tünd rəngli meyvələr, balzamik sirkə, çuğundur, pomidor əsaslı souslar və soya sousu da dişlərin rənginə təsir edə bilər.

Zərdəçal da güclü rəngləndirici xüsusiyyətə malikdir. Henkoka görə boşqabda ləkə yaradan qidalar dişlərdə də ləkə yaradır.

Zərdəçallı və digər rəngləndirici qidaları qəbul etdikdən sonra ağızı su ilə yaxalamaq faydalıdır.

Sərt qidalar dişləri təmizləyə bilərmi?

Diş fırçasının olmadığı hallarda çiy kök və kərəviz saplağı kimi sərt qidaları çeynəmək diş səthindəki ərpin bir hissəsinin mexaniki şəkildə uzaqlaşdırılmasına kömək edir.

Lakin meyvələrə diqqət etmək lazımdır. Tərkibindəki turşular diş minasını zədələyir və ləkələnməni asanlaşdırır.

Henkok sərt pendiri daha uyğun seçim hesab edir. Yapışqan pendirlər isə dişlərə yapışaraq eyni effekti yaratmır.

Dişləri ağ saxlamağın ən yaxşı yolu

Mütəxəssisə görə, dişləri ağ saxlamağın ən yaxşı yolu ilk növbədə onları təmiz saxlamaqdır. Dişləri gündə ən azı iki dəfə fırçalamaq və imkan olduqda yeməkdən sonra ağızı təmizləmək vacibdir.

Qəhvə və çay içdikdən sonra ağızı su ilə yaxalamaq da ləkələnmənin qarşısını almağa kömək edir. Çay və qəhvəyə süd əlavə etmək, tünd rəngli içkiləri isə dişlərlə təmasını azaltmaq üçün pipetlə içmək də alternativ üsullardır.

Beləliklə, dişlərin ağlığını qorumaq üçün mütləq ağardıcı müalicələrə müraciət etmək lazım deyil. Düzgün ağız gigiyenası, rəngləndirici qidaların təsirini azaltmaq və müntəzəm diş həkimi müayinəsi dişlərin daha sağlam və təmiz görünməsinə kömək edir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az