Sentyabr 10, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Çox isti içkilər xərçəng riskini niyə artırır?

Çay və qəhvə kimi içkiləri mütəmadi olaraq çox isti içmək yemək borusu xərçəngi riskini artırır. Böyük Britaniyada aparılan araşdırmada təxminən 1 milyon insanın məlumatları araşdırılıb.

Oxford Universitetinin tədqiqatçıları içkilərini 65°C və ya daha yüksək temperaturda qəbul edən şəxslərdə yemək borusu xərçəngi riskinin ilıq çay və ya qəhvə içənlərlə müqayisədə təxminən 3 dəfə yüksək olduğunu müəyyən ediblər. Bununla belə, mütəxəssislər xəstəliyin ümumi riskinin aşağı olduğunu vurğulayırlar.

İsti maye hüceyrələrə zərər verə bilər

Çox isti mayelər yemək borusundan keçərkən onun daxili səthini zədələyir. Bu zədələnmələrin uzun müddət təkrarlanmasının xərçəng riskinə təsir göstərə biləcəyi düşünülür.

Araşdırmaya görə, gündə 6 və ya daha çox isti içki qəbul etmək də riskin artması ilə əlaqələndirilib. İçkiyə süd əlavə etmək temperaturu bir qədər azaldır, lakin süd əlavə edilmiş çay və qəhvə də çox isti olur.

Mütəxəssislər içkini qaynar halda qəbul etməkdənsə, bir neçə dəqiqə gözləyərək içilə biləcək temperatura qədər soyutmağı məsləhət görürlər. Bununla belə, içkinin nə qədər müddət soyudulmalı olduğu üçün dəqiq vaxt müəyyən edilməyib.

Ümumi risk aşağıdır

Tədqiqatçılar çox isti içkilərin qəbulundan imtina etməklə hər 10 yemək borusu xərçəngi hadisəsindən 1-2-nin qarşısının alına biləcəyini bildirirlər.

Mütəxəssislər isə xərçəng riskini azaltmaq üçün əsas addımların siqaretdən uzaq durmaq və spirtli içki qəbulunu azaltmaq olduğunu qeyd edirlər.

Yemək borusu xərçənginin mümkün əlamətləri arasında mədə yanması, həzmsizlik, boğaz və ya döş qəfəsində ağrı, həmçinin səbəbsiz çəki itkisi yer alır.

 

Mənbə:BBC Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az