Süni intellekt şirkəti Anthropic-in təhlükəsizlik üzrə aparıcı tədqiqatçılarından Evan Hubinger texnologiyanın sürətli inkişafından narahat olduğunu bildirib. O, qarşıdakı 10 il ərzində süni intellektin insanlığın sonunu gətirmə ehtimalını 10 faizdən çox qiymətləndirib.
Hubinger hazırkı süni intellekt modellərinin yaratdığı riskin aşağı olduğunu, lakin texnologiyanın yaxın gələcəkdə özünü təkmilləşdirə biləcək səviyyəyə çataraq insanlıq üçün mövcudluq təhlükəsi yarada biləcəyindən qorxduğunu deyib.
Onun sözlərinə görə, şirkətlərin süni intellektin təhlükəsizliyini təmin etmək üçün hələ də konkret planı yoxdur. Hubinger süni intellekt sistemlərinin insanlığı necə məhv edə biləcəyinə dair isə təfərrüat açıqlamayıb.
Müzakirələr Anthropic və OpenAI-da çalışmış tədqiqatçıların şirkətlərin təhlükəsizlik məsələlərində kifayət qədər məsuliyyətli davranmadığı barədə açıqlamalarından sonra genişlənib. Bəzi mütəxəssislər süni intellektin yaxın illərdə kiberhücumlar həyata keçirə, böyük resurslara çıxış əldə edə və insan səviyyəsini aşan imkanlara çata biləcəyini düşünür.
BMT-yə süni intellekt məsələləri üzrə məsləhət verən kompüter alimi Dame Wendy Hall isə bu cür açıqlamaların şirkətlərin potensial investorlar qarşısında mövqelərini gücləndirmək üçün marketinq məqsədi daşıya biləcəyini bildirib.
Son dövrdə süni intellekt vasitələrinin müstəqil şəkildə kiberhücumlar həyata keçirməsi ilə bağlı xəbərlər də təhlükəsizlik narahatlıqlarını artırıb. Anthropic-in avqust hesabatında fəlakətli risklərin hazırda aşağı olduğu, lakin bu qiymətləndirməyə əminliyin azaldığı qeyd edilib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
