Sentyabr 4, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qalıcı makiyaj prosedurları zərərlidirmi?

Həmişə baxımlı görünmək istəyən qadınlar arasında qalıcı makiyaj, qalıcı lak, dodaq rəngləndirilməsi və qaş laminasiyası kimi prosedurlar getdikcə populyarlaşır. Lakin mütəxəssislər bu prosedurların düzgün və steril şəraitdə aparılmaması zamanı ciddi sağlamlıq problemlərinin yarana biləcəyini bildirirlər.

Muğla Sıtkı Koçman Universitetinin Tibb fakültəsinin müəllimi, dosent Emine Tuğba Alataşın sözlərinə görə, xüsusilə manikür və pedikür zamanı dırnaq ətrafındakı kutikulanın düzgün olmayan şəkildə götürülməsi şişkinlik və infeksiyalara səbəb olur.

Steril olmayan alətlərdən istifadə isə göbələk, bakterial və virus infeksiyalarının, o cümlədən herpes, hepatit və HİV infeksiyalarının ötürülməsi riskini artırır. Bəzi infeksiyalar dərhal əlamət göstərsə də, hepatit və HİV aylar sonra özünü göstərir.

Qalıcı lakın tez-tez yenilənməsi dırnaqların kövrəkləşməsinə, forma və rəng dəyişikliklərinə səbəb olur. Prosedur zamanı istifadə olunan UV şüalarının isə dərinin erkən qocalmasına, ləkələnməsinə və uzun müddətdə dəri xərçəngi riskinin artmasına səbəb ola biləcəyi qeyd olunur.

Bu səbəbdən manikür və pedikür zamanı steril və birdəfəlik alətlərdən istifadə edilməli, prosedurlar düzgün texnika ilə aparılmalıdır.

Qalıcı makiyaj da risk daşıyır

Qalıcı makiyaj mikroiynələmə yolu ilə rəng piqmentlərinin dərinin altına yeridilməsi ilə həyata keçirilir. Bu zaman infeksiyalar, allergik reaksiyalar, kontakt dermatit, dəri ləkələri və qranulomlar yaranır.

Mütəxəssis qalıcı makiyajın mümkün fəsadların idarə olunması baxımından həkim nəzarətində aparılmasını tövsiyə edir. Xüsusilə vitiliqo və psoriazı olan şəxslərə qalıcı makiyaj etdirməzdən əvvəl mütləq mütəxəssis həkimlə məsləhətləşmək lazımdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az