Sentyabr 4, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Araşdırma: Sosial media istifadəsini gündəlik 30 dəqiqə azaltmaq zehni sağlamlığı yaxşılaşdırır

Almaniyada aparılan araşdırma sosial mediadan istifadənin gündəlik 30 dəqiqə azaldılmasının zehni sağlamlığı və iş məmnuniyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoyub.

Ruhr Universiteti və Almaniya Zehni Sağlamlıq Mərkəzi tərəfindən aparılan araşdırmada sosial media istifadəsinin zehni sağlamlıq və iş performansına təsiri araşdırılıb.

“Behaviour and Information Technology” jurnalında dərc olunan tədqiqatda hamısı işləyən 166 iştirakçı iki qrupa bölünüb.

Araşdırmadan əvvəl iştirakçılara iş yükü, iş məmnuniyyəti, işə bağlılıq, zehni sağlamlıq, stress səviyyəsi və işdən çıxarılmaq qorxusu ilə bağlı sorğu keçirilib.

Birinci qrup gündəlik sosial media istifadəsinə əvvəlki qaydada davam edib. İkinci qrup isə bir həftə ərzində sosial mediada keçirdiyi vaxtı hər gün 30 dəqiqə azaldıb.

Araşdırmanın sonunda sosial media istifadəsini azaldan qrupda həddindən artıq işləmək hissinin və işdən çıxarılmaq qorxusunun azaldığı, iştirakçıların özlərini zehni baxımdan daha yaxşı hiss etdikləri, işə daha yaxşı fokuslandıqları və işlərindən daha çox məmnun qaldıqları müəyyən edilib.

Tədqiqatın müəlliflərindən, Ruhr Universitetinin dosenti Dr. Julia Brailovskaya nəticələri belə şərh edib:

“Beynimiz, xüsusilə diqqətimizi gördüyümüz işdən başqa istiqamətə yönəldən davamlı diqqət yayındırıcılarla mübarizə aparmaqda çətinlik çəkir. Sosial şəbəkələrini yoxlamaq üçün işlərini davamlı olaraq yarımçıq qoyan insanlar daha çox çətinlik yaşayırlar.”

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az